Universiada başa çatdı - 2017-ci ilin nəticələri ilə müqayisə

11:36 15-07-2019 1132

İtaliyanın Neapol şəhərində keçirilən tələbə idmançıların XXX Yay Universiadası başa çatdı.

HerGun.Az xəbər verir ki, millimiz bu yarışı yeddi medalla başa vurdu.

Belə ki, idman gimnastımız Marina Nekrasova ilə üçtəkanla tullanma üzrə atletimiz Nazim Babayev qızıl, cüdoçumuz Hidayət Heydərovla (-73 kq) bədii gimnastımız Zöhrə Ağamirova gümüş, cüdo millimiz və taekvondoçumuz Patimat Abakarova (-53 kq) bürünc medal qazandı.

Zöhrə Ağamirova həm çoxnövçülükdə, həm də gürzlərlə hərəkətlərdə gümüş medala layiq görüldü.

Taekvondoçularımız – Ayxan Tağızadə, Əli Məmmədov, Həşim Məhəmmədov, Fəridə Əzizova, qaçış yarışları üzrə atletimiz Zəkiyyə Həsənova, qılıncoynadanlarımız – Xalid Əliyev, Fərrux Səfərov, Cavanşir Ağakişiyev, idman gimnastımız İvan Tixonov, cüdoçularımız – İbrahim Əliyev, Murad Fətiyev, Rüstəm Kotsoyev, Əliömər Tumayev medalsız Bakıya dönən idmançılarımız oldu. 

Bəs 18 idmançı ilə beş idman növündə mübarizə aparmış millimiz medal sıralamasında neçənci oldu?

Millimiz medal sıralamasında XVIII yeri tutdu. Bu, iki il əvvəl Tayvanda keçirilmiş Universiada ilə müqayisədə, irəliyə doğru addım sayıla bilər. Çünki 2017-ci ildə tələbə idmançılarımız XXIV ola bilmişdi. Amma onu da qeyd edək ki, həmin vaxt millimizin nəticələri həm medalın kəmiyyəti, həm də keyfiyyəti baxımından indikindən daha yaxşı idi. 

Belə ki, komandamız onda səkkiz medal qazanmışdı. Bunlardan üçü qızıl, biri gümüş və dördü bürünc medal idi. Həmin vaxt 19 idmançı ilə dörd idman növündə mübarizə aparmışdıq. Atletikada iki, cüdoda üç, taekvondoda 12 və ağırlıqqaldırmada iki idmançımız yarışa qatılmışdı. 

Nəticədə, atlet Nazim Babayev, cüdoçu Zelim Kotsoyev (-100 kq) və taekvondoçu Milad Beiqi Harçeqani (-80 kq) çempion olmuşdu. Yeganə gümüş medalımızı yarımfinalda Sergey Vardazaryana 31:14 hesabı ilə qalib gəlmiş taekvondoçu Ayxan Tağızadə (-68 kq) qazanmışdı.

Dörd bürünc medalı isə bizim aktivimizə cüdoçu Firudin Dadaşov (-90 kq), taekvondoçular – Səid Quliyev (-74 kq), Olimpiya çempionumuz Radik İsayev (+87 kq) və Məhəmməd Məmmədov (-63 kq) yazdırmışdı.

Çəkicatan atlet Anna Skidan, cüdoçu Telman Vəliyev (-73 kq), taekvondoçular – Patimat Abakarova (-53 kq), Fəridə Əzizova (-67 kq), Yaprak Eriş (-57 kq), Payam Qobadi Uqaz (-87 kq), Həşim Məhəmmədov (-54 kq), Əli Məmmədov (-58 kq), Safiyə Polat (-49 kq), o cümlədən, ağırlıqqaldıranlar – Azər Məmmədli (-105 kq) və Məhəmməd Məmmədli (-62 kq) medalsız qalmışdı. 

O ki qaldı digər millilərə, iki il əvvəl olduğu kimi, Yaponiya sonadək liderliyini qoruyub saxladı. Rusiya ilə eyni – 82 medal toplayan yaponlar qazandıqları 33 qızıl medal hesabına lider oldular. Rusiya və Çin 22 qızıl medal qazandı. Lakin şimal qonşularımız qazanılan 24 gümüş medal hesabına II sırada qərarlaşdı. Digər qonşularımızdan İran 9-cu, Türkiyə 15-ci, Ermənistan 35-ci və Gürcüstan 49-cu yeri tutdu.

Qeyd edək ki, XVI Yay Universiadası 2021-ci ilin avqustun 8-19-u tarixlərində Çinin Çandu şəhərində keçiriləcək.

Səbuhi Musayev