Deputatdan TƏKLİF: “Dövlət İstintaq Komitəsi yaradılmalıdır”

22:20 06-05-2020 411

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev icra başçılarının həbsindən danışıb, qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Q.Həsənquliyev HerGun.Az-a açıqlamasında deyib ki, son zamanlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edir.

Deputat söyləyib ki, həbslərlə paralel, cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalıdır.

Onun fikrincə, qanunvericiliyi təkmilləşdirməklə büdcə vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün effektli mexanizmlər yaradılmalıdır.

Q.Həsənquliyev Məhkəmə-Hüquq Şurasının tərkibinin dəyişdirilməsi ilə bağlı da təklif verib.

“Hakimlər özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi hiss etməməlidir. Buna görə də hakimlərin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır”, - deyən Q.Həsənquliyev daha sonra əlavə edib:

“Aşağı instansiya məhkəmələrinin bilə-bilə ədalətsiz qərarlar qəbul edən hakimləri haqqında yuxarı instansiya məhkəmələrinin xüsusi qərarlar qəbul etməməsinə görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır”.

Deputat hesab edir ki, Ali Məhkəmə Pleniumunun əlavə kassasiya instansiyası qaydasında işlərə baxması Konstitusiyaya ziddir.

O, bütün növ xüsusi məhkəmələrin ləğv olunmasının da zəruriliyinə diqqət çəkib:  

“İşlərə baxış zamanı çəkişmə prinsipi tam təmin olunmalıdır. Hakimlər bütün hüquq sahələri üzrə zəruri biliklərə sahibdirlər. Bu isə xüsusi məhkəmələrin mövcudluğunu lazımsız edir”, - deyə o əlavə edib.

Millət vəkili ədliyyə naziri və baş prokuror vəzifələrinin birləşdirilməsini, əvəzində Dövlət İstintaq Komitəsinin yaradılmasını da təklif edib:

“Yaxşı olardı ki, ABŞ-da olduğu kimi, ədliyyə naziri və baş prokuror vəzifələri birləşdirilsin və Dövlət İstintaq Komitəsi yaradılsın.

Dövlət İstintaq Komitəsinin yaradılması ona görə vacibdir ki, istintaq aparan orqan həm də məhkəmədə dövlət ittihamını müdafiə etməsin”.

Aqşin Kərimov