Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? - Poluxovdan açıqlama

16:54 15-07-2019 1186

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir.

Bunu HerGun.Az-a açıqlamasında Azərbaycanın Braziliyadakı, eyni zamanda, Ekvador, Qayana, Surinam, Trinidad və Tobaqoda akkreditə olunmuş səfiri Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Braziliya ikitərəfli münasibətləri yüksələn xətt üzrə inkişaf edir və Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın bu yaxınlarda Bakıya səfəri bunun göstəricilərindən biri olub:

“Bu səfər Braziliya ilə siyasi və iqtisadi əlaqələrin xeyli dərinləşməsinə xidmət edib”.

Səfir qeyd edib ki, Azərbaycanın Qayana, Surinam, Trinidad və Tobaqo, Ekvadorla münasibətləri paralel olaraq dərinləşir:

“Ekvador istisna olmaqla, bu ölkələr bizim üçün yenidir. Buna görə də Karib hövzəsinin adıçəkilən ada və yarımada dövlətləri ilə münasibətlər bizim diplomatiya üçün yeni səhifədir. Qoşulmama Hərəkatının yuxarıda adı çəkilən ölkələrinin yüksək vəzifəli nümayəndələri təşkilatın sammitində iştirak etmək məqsədilə oktyabrda Bakıya gələcəklər”.

Diplomat bildirib ki, Bakı regionun uzaq məsafədə yerləşməsinə baxmayaraq, Latın Amerikası ölkələri ilə aqrar sənaye kompleksi və informasiya-kommunikasiya texnologiyaları sahələri daxil olmaqla, iqtisadi əlaqələrin inkişafında maraqlıdır:

“Qayana aşkar edilmiş neft ehtiyatları üzrə bu yaxınlarda liderliyə yüksəlib, bununla əlaqədar bu ölkə Azərbaycanın neft sahəsində mövcud təcrübəsinə böyük maraq göstərir”.

Azərbaycanın Braziliyadakı səfiri qeyd edib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlər yüksələn xətlə inkişaf edir:

“İkitərəfli ticarət dövriyyəsi orta hesabla ildə 150-200 milyon dollar təşkil edir. Ancaq təəssüf ki, o, bir qədər birtərəflidir, çünki biz Braziliyadan, əsasən, mal idxalı ilə məşğul oluruq. Təkcə ötən il Azərbaycandan Braziliyaya ixrac yarım milyon dollardan bir qədər artıb”.

Diplomat Surinamla iqtisadi əməkdaşlığın kifayət qədər inkişaf etməməsindən təəssüfləndiyini ifadə edib:

“Şəkər qamışı və ağac materialının alışı kimi sahələr var. Surinam həmin sahələr üzrə lider tədarükçülərdən biridir. Ona görə də inkişaf üçün potensialın olduğu sahələr mövcuddur”.

E.Poluxov əlavə edib ki, Azərbaycan son illər Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərini xeyli qabağa aparıb:

“Demək olar ki, biz ikitərəfli formatda həm iqtisadi, həm də siyasi baxımdan böyük yol qət etmişik. Bakı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Xocalı soyqırımı kimi məsələlərdə Latın Amerikasının bir çox dövlətləri tərəfindən ədalətli mövqeyinə dəstək alıb.

İdman sahəsində də münasibətlər fəal inkişaf edir. Belə ki, Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında Surinam yığması iştirak edib. Fəal xarici siyasət sayəsində Azərbaycanın Latın Amerikasındakı iştirakı daha çox nəzərə çarpır”.

Rasim Babayev