Teymur Rəcəbovun komandası Millətlər Kubokunda neçəncidir?

11:20 08-05-2020 388

Teymur Rəcəbovun daxil olduğu “Dünyanın Qalan Hissəsi” komandası Onlayn Millətlər Kubokunda bu gün növbəti iki turun oyununa çıxacaq.

HerGun.Az xəbər verir ki, T.Rəcəbovun komandası VII turda Hindistan, VIII turda isə ABŞ millisi ilə qarşılaşacaq.

Şahmatçımıza bu gün istirahət verilməsə, ilk lövhədə müvafiq olaraq keçmiş dünya çempionu Vişvanatan Anand və Hikaru Nakamuraya qarşı oynayacaq.

Teymurun komandası dünən üzləşdiyi iki məğlubiyyətlə sonuncu sıraya düşüb. Dünya komandası hazırda Hindistanla birgə iki xala malikdir. Lakin tay-breyklərdə hindlilər öndədir. Bu gün sonuncu pillədən qurtulmaq üçün Hindistan yığmasını məğlub etmək lazımdır. 

Qeyd edək ki, Dünya yığması dünən Avropa komandasına 1,5:2,5, Çin millisinə isə 0,5:3,5 hesabı ilə uduzub. Teymur Rəcəbov Harri Kasparovun kapitanı olduğu Avropa yığmasında İddiaçılar Turnirinə onun əvəzinə getmiş fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Lider Çin yığması ilə görüşdə isə şahmatçımız Dinq Lirenə uduzub.

Səbuhi Musayev