Rusiya - Ermənistan birgə təlimləri nəyə xidmət edir? - Ekspert rəyi

22:00 15-07-2019 975

Rusiya və Ermənistan bu yaxınlarda iri hərbi təlimlər keçirməyi planlaşdırır. Təlimlərin məqsədi nədir? Regiona təsirləri necə olacaq? Niyə Rusiya Minsk qrupunun üzvü olduğu halda bu təlimlərin bir parçası olur?

HerGun.Az-ın suallarını hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırır:

– Rusiyanın Ermənistanla irimiqyaslı hərbi təlimlər keçirməkdə məqsədi nədir?

– Əvvəlcə onu xatırlatmaq lazımdır ki, Ermənistan Rusiyanın SSRİ dağıldıqdan sonra yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, ərazisində Rusiyaya məxsus üç iri hərbi baza saxlayır, xarici ölkələrlə olan sərhədlərini rus əsgəri qoruyur.

Bundan başqa, Ermənistan ordusunun bütün texnikası, silah və sursat arsenalı Rusiya vasitəsilə təmin olunur. Hesab edirəm ki, sadaladığım bu kiçik misal Ermənistanın Rusiya ilə hərbi və hərbi-siyasi münasibətlərinin hansı səviyyədə olmasının bariz nümunəsidir. Bu baxımdan, Rusiya ilə Ermənistan hərbi birləşmələrinin birgə irimiqyaslı təlim keçməsini də həmin iki ölkə arasındakı mövcud münasibətlərin məntiqi nəticə hesab etmək olar.

O ki qaldı bu təlimlərin keçirilməsində məqsədə, vəziyyət aydındır. Rusiya öz təbəəliyində olan ölkənin - Ermənistanın müdafiə imkanlarının güclü olmasını istəyir. İllərdir regionda hərbi balans bu şəkildə idarə olunub. Kremldə belə hesab edirlər ki, Ermənistanın hərbi imkanlarının güclü saxlanılması Qafqazda balansın pozulmasına mane olur.

Daha doğrusu, Rusiya Qarabağı Ermənistan vasitəsilə öz nəzarətində saxlayır. Lap dəqiqi, Azərbaycan Qarabağ münaqişəsinə görə Moskva ilə kəskin danışa bilmir. Bir qədər də dəqiqi desək, Rusiya həm Azərbaycana, həm də Ermənistana Qarabağ kartı ilə təsir, təhdid və digər təzyiqlər göstərə bilir. Yuxarıda qeyd etdiyim kimi, məqsəd Cənubi Qafqazda həm öz mövqelərini qoruyub saxlamaq, həm də təsir rıçaqlarını artırmaqdır.

Bu irimiqyaslı təlimlərlə Rusiya bölgədə mövcudluğunu dünyaya bəyan edir. Azərbaycan da buradan öz payını götürür. Bu reallıqdır və istənilən qədər inkarolunmaz faktlar sadalamaq olar.  

– Minsk qrupunun üzvü olaraq, Rusiyanın bu kimi addımlar atması nə dərəcədə doğrudur?

– Dünyanın idarəçiliyində “doğrudur” yanaşması yoxdur. Məgər ABŞ İraqa və ya digər ölkələrə hərbi müdaxilə edəndə özünün doğru olub-olmadığını düşünmüşdümü?! Əlbəttə, xeyr. Bu baxımdan, Rusiya üçün də bu anlayış yoxdur. Rusiya öz maraqlarına harada zidd hərəkət görürsə, beynəlxalq qanunlar o qədər də əhəmiyyətli hesab olunmur.

1990-cı illərin əvvəllərində Moskvadan hansı təzyiqlərlə qarşılaşdığımızı gərək unutmayaq. O ki qaldı Rusiyanın ATƏT-in Minsk qrupunun üzvü kimi belə addım atmasına, ruslar bunu özləri üçün doğru hesab edirlər.

Ermənistanı himayə etmələrini və hərbi dəstək verdiklərini gizlətmirlər. Bundan başqa, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini azad etmək haqqını da tanımırlar. Hüquq güclünün tərəfindədir. Amma beynəlxalq hüquqa görə vasitəçilik missiyasını öz üzərinə götürmüş ölkə münaqişə tərəflərinə dəstək verə bilməz. Hərbi-texniki yardım isə yolverilməzdir.     

– Demək olar ki, hər il Rusiya Ermənistanla hərbi təlimlər keçirir, ancaq analoji təlimlər Azərbaycanla keçirilmir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

– Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlığı MDB çərçivəsində imzalanan Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə tənzimlənir. Bundan başqa, ikitərəfli hərbi-texniki əməkdaşlığımız da mövcuddur ki, bunun nəticəsində iki ölkə arasında silah və texnika sahəsində satınalmalar həyata keçirilir.

Birgə təlimlərin keçirilməməsinin səbəbi hərbi müttəfiqliyimizin olmamasıdır. Azərbaycan Rusiya ilə hərbi müttəfiq deyil. Azərbaycan 1994-cü ildə KTMT-yə üzv olmaqla bağlı bu müqaviləni imzaladı. 1999-cu ildə Azərbaycan müqavilənin müddətini artırmadı. Yəni Azərbaycan işğalçı Ermənistanın da üzv olduğu hərbi blokda təmsil olunmaqdan imtina etdi. Bununla paralel isə ölkəmiz NATO ilə əməkdaşlığa üstünlük verdi və bu gün də həmin proses davam etdirilir.

Azərbaycan dövləti Şimali Atlantika Bloku - NATO ilə birgə təlimlərdə, sülhməramlı missiyalarda iştirak edir və ordumuz öz inkişafını NATO standartlarında görür.  

– Bu kimi məsələlər Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı təsirləri göstərə bilər?

– Əlbəttə ki, Ermənistanın bu şəkildə himayə edilməsi, Rusiya tərəfindən bütün meyarlar üzrə hərbi və hərbi-texniki dəstəyin verilməsi münaqişənin həllinin qarşısını alır. Azərbaycan öz ərazilərini terrorçulardan, separatçılardan və işğalçılardan təmizləyə bilmir.

Nəticədə, münaqişənin həlli dərinləşir və sülh yarada biləcək bütün istiqamətlər bağlanır. Hesab edirəm ki, vasitəçilik missiyasını üzərinə götürən dövlətlər işğala məruz qalan ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, işğal faktını aradan qaldırmalıdır ki, gələcəkdə hərbi əməliyyatlar aktiv fazaya keçməsin.

Əks təqdirdə kifayət qədər silahlanmış tərəflər arasındakı müharibə ciddi humanitar fəlakətə çevrilə bilər.

Samir İsayev