Üç dünya çempionatının ev sahibi məlum oldu

17:00 13-05-2020 387

Ümumdünya Taekvondosu (World Taekwondo) beynəlxalq yarışlarla bağlı vacib qərarlar qəbul edib.

HerGun.Az qurumun saytına istinadən xəbər verir ki, İdarə Heyətinin yığıncağı federasiyanın prezidenti Çue Çunq-vonun rəhbərliyi ilə videokonfrans üsulu ilə həyata keçirilib.

Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib. 

Koronavirus pandemiyası səbəbindən əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv və təxirə salınma qərarları qəbul edilərkən bəzi yarışlara ev sahibliyi edəcək ölkələr də müəyyən olunub. Belə ki, yeniyetmələr arasında dünya çempionatı 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2022-ci ildə gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Poomsae üzrə dünya çempionatı 2022-ci ildə Cənubi Koreyanın Qoyanq şəhərində təşkil olunacaq. 2022-ci ilin Qran Pri turnirləri isə İngiltərə (Mançester) və Sinqapurda baş tutacaq.

Qeyd edək ki, federasiyanın tədbirlər planında pandemiya ilə əlaqədar hər hansı dəyişiklik baş verməsə, Assambleyanın növbəti yığıncağının oktyabrda Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.