Rusiyalı politoloq: SOCAR bir növ Azərbaycanın “əlidir”

11:36 16-07-2019 670

Azərbaycanın 15 il ərzində xaricə investisiyaları 21 milyard dolları ötüb. Ölkə Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və bir çox digər ölkələrdəki layihələrə sərmayə yatırıb. Bu zaman investisiyaların xeyli hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın payına düşüb. Buna görə də SOCAR Azərbaycanın ən çox tanınan şirkətidir.

Bunu Media.Az-a rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda belə səviyyəli digər şirkət yoxdur:

“Bu şirkət və Azərbaycan vəhdətin təzahürüdür. Azərbaycanın bütün dünya üzrə investisiyalarının ümumu həcmində (21 milyard dollardan çox) SOCAR-ın payı 95 faiz təşkil edir. SOCAR bir növ Azərbaycanın “əlidir”.

SOCAR təkcə neftin hasilatı və nəqli ilə deyil, həm də onun satışı ilə məşğuldur. Dünyanın müxtəlif ölkələrində yanacaqdoldurma şəbəkələri, geniş diler şəbəkəsi, neft emalı üzrə törəmə müəssisələri var”.

A.Karavayev qeyd edib ki, SOCAR qlobal şirkətdir:

“Bu, brenddir. Əlbəttə ki, kapitallaşmada “Rosneft”, BP, “Total” kimi dünya liderləri ilə müqayisədə fərqi nəzərə almaq lazımdır. Lakin SOCAR düzgün məcrada fəaliyyət göstərir, düzgün strateji inkişaf yolunu seçib. Bu, özünü şirkətin emal sahələrinə - “SOCAR Polymer”, SOCAR-ın karbamid zavoduna və digərlərinə sərmayə qoyaraq  gəlirlərini şaxələndirməyə çalışmasında göstərir. Görünür, SOCAR iqtisadiyyatın karbohidrogen xammalının emalı ilə bağlı olan digər sahələrinə təkan verməyə çalışır”.

Ekspert hesab edir ki, bütün bunlar şirkətin məsuliyyətli olduğunu təsdiq edir və o, biznesin inkişafı üçün müasir metodlardan istifadə edir:

“Şirkət gələcəkdə necə inkişaf edəcək? Fikrimcə, SOCAR-ın bununla bağlı öz planları var. Alternativ enerjinin imkanlarını, yeni texnologiyaların hazırlanmasına vəsait yatırılmasını misal göstərmək olar. Bununla artıq bu gün məşğul olmaq lazımdır. 

SOCAR-dan çox şey asılıdır. SOCAR-ın karbohidrogenlərlə əlaqəsi olmayan texnologiyalara sərmayə qoyacağını gözləmək olar. Məsələn, söhbət avtomobil sənayesində hidrogen mühərriklərdən gedə bilər”.