Anton Qura: “Hamı koronavirusa yoluxacaq” - MÜSAHİBƏ

12:00 15-05-2020 490

Dünya əhalisinin 70% -i yoluxana qədər koronavirus yayılacaq. Bu barədə ABŞ-ın Minnesota Universitetinin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi, doktor Maykl Osterholm “USA Today”ə müsahibəsində bildirib.

Onun fikrincə, vaksin olmasa, (hansı ki, bir ildən gec hazır olacağı düşünülür - red.) virus kollektiv immunitet yaranana qədər yayılmağa davam edəcək. Buna baxmayaraq, Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, eləcə də digər ölkələr tədricən karantin rejimindən çıxırlar.

Media.Az Ukrayna Müstəqil Tibb İşçiləri Birliyinin həmtəsisçisi Anton Qura ilə bu barədə söhbət edib.

- Dünya ölkələri karantin rejimlərini yumşaldır, artıq iyunda bəzi dövlətlər sərhədləri (o cümlədən turistlər üçün) açır. Bu o deməkdir ki, COVID-19 pandemiyası tənəzzülə uğrayır?

- Ukraynada koronavirusa yoluxmanın azalması barədə danışmaq hələ tezdir. Bizdə koronavirusa yoluxanlar çoxdur, laboratoriya xidmətləri iki həftə gecikmə ilə işləyir. Nəzəri olaraq deyə bilərik ki, Ukraynada 30 mindən çox xəstə var. Və birdən-birə hər yer açılır. Yəqin, indi bizdə nələr baş verəcəyini anlayırsınız…

- Koronavirusun ikinci dalğası ehtimalı haqqında nə düşünürsünüz? Bu barədə Azərbaycanda da danışılır.

- Əlbəttə, bu ola bilər. Tezliklə, hamımız küçəyə çıxdıqdan sonra olacaq. Karantin Gürcüstandakı kimi sərt olmalıdır. Azı daha bir ay küçələrə çıxmaq qadağan edilməlidir. Koronavirus yayılmayandan sonra “ölür”. Ancaq yenə qayıdıram Ukraynaya - təəssüf ki, bizdə fəlakət olacağını düşünürəm.

- Ukraynada nə qədər insan testdən keçib? Məsələn, 10 milyon əhalisi olan Azərbaycanda 220 mindən çox test edilib.

- 39 milyon əhali üçün 400 minə qədər test edilib. Niyə bu qədər azdır? Həkimlər, xəstəxanalarda çarpayılar çatmır, virusoloq, infeksionist yoxdur. Məmurlarımız pulsuz alınan COVID-19 testlərini satan aptek şəbəkələrinin maraqları üçün lobbiçilik edirlər.

- Necə düşünürsünüz, dünyada COVID-19 pandemiyasının bitməsi, yaxud epidemiyanın heç olmasa azalması barədə nə vaxt danışmaq olar? Yoxsa hər il yeni dalğa ilə üzləşəcəyik? Bir neçə gün öncə koronavirusla mübarizədə nümunə olan Cənubi Koreyada ikinci dalğanın qaçılmaz olacağı barədə elan ediblər…

- Hamımız xəstələnməyincə, COVID-19 davam edəcək. Ukraynada vaksin hazırlandığını elan etdilər. Lakin o, insan orqanizmini sadəcə məhv edəcək və mən buna qarşıyam. Hər bir halda ilin sonuna qədər COVID -19 heç yerə yox olmayacaq. Payızda isə yeni dalğa başlayacaq. Koronavirus mutasiyaya uğrayıb, hazırda bizdə uşaqlar xəstəliyi ağır keçirirlər. Halbuki, əvvəllər belə şey yox idi.

- Biz sizinlə mart ayında danışmışdıq. Həmin vaxt siz çinli tibb işçilərinə istinadla bildirmişdiniz ki, COVID-19 mutasiyanın altı mərhələsini keçib. Ümumilikdə, mutasiyanın neçə mərhələsi var?

- İndi dəqiq heç nə deyə bilmərəm. Ancaq mutasiyanın 12 mərhələsi yəqin ki, artıq olub. O, insanda mutasiyaya uğrayır. Kimsə xəstələnir, kimsə də sadəcə daşıyıcı olur. Tək bir şey aydındır, özünüzü və yaxınlarınızı qoruyun.