Azərbaycanda sahibkarlıq subyektlərində monitorinqlər keçiriləcək

14:40 21-05-2020 569

Azərbaycanda sahibkarlıq subyektlərində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə monitorinqlər keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə qurumda Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə səkkiz, sənaye müəssisələri üzrə iki olmaqla, 22 monitorinq qrupu yaradılıb. 

Monitorinq qruplarına Nazirliyin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir. Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcək.

Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən xüsusi karantin qaydalarına, operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq.