Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO

13:40 23-05-2020 23

“Tərtər rayonunun Borsunlu kəndinin ərazisindən keçən İnçə çayına gələn suyun qarşısını alırlar. Həyətyanı, eləcə də əkin sahələrimiz quruyaraq məhv olub”.

HerGun.Az xəbər verir ki, bu barədə adıçəkilən kəndin sakinləri tərəfindən redaksiyamıza göndərilən şikayətdə qeyd olunub.

Şikayətçilərin sözlərinə görə, kənd ərazisindən keçən İnçə çayı əkin sahələrinin suvarılması üçün əhəmiyyətli mənbədir:

“Uzun illərdir biz bu problemi həll edə bilmirik. Hər il cəmi iki ay istisna olmaqla, yaz və payız aylarında çayda suyun olmaması kənd sakinləri üçün böyük çətinlik yaradır. İnçə çayında suyun olmamasının əsas səbəbi isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin sakinləridir. Həmin kənd Borsunlu kəndindən nisbətən yuxarı hissədə yerləşir. Tapqaraqoyunlu kəndinin sakinləri İnçə çayının Borsunlu kəndinə gələn hissəsində suyun qarşısını kəsirlər. Hələ may ayı bitməyib, Borsunlu kəndindən keçən, yəni kəndi suvarma suyu ilə təmin edən İnçə çayında suyun səviyyəsi təxminən 80-85% aşağı düşüb.

Bu səbəbdən kənddə yüzlərlə hektar əkin sahəsi quraqlıq səbəbindən məhv olur. Kənddə əkin sahələrini su ilə təmin edə biləcək, bir dənə də olsa, normal artezian qurğusu yoxdur. Bu da kəndin bilavasitə İnçə çayından asılı olmasına səbəb olur. Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına müraciət etmişik. Amma problemin həlli üçün heç bir tədbir görülmür”.

Tərtər rayon Borsunlu kənd icra nümayəndəsi Təranə Hacıyeva məsələ ilə bağlı redaksiyamıza bildirib ki, mövcud vəziyyət artıq uzun müddətdir davam edir:

“Biz bununla bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışıq. Məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulamışıq. Amma qarşı tərəflə aparılan danışıqlarda ortaq məxrəcə gəlmək mümkün olmayıb”.

Bütün bu iddialara cavab olaraq, Goranboy rayon Tapqaraqoyunlu kənd icra nümayəndəsi Abbas Allahverdiyev məsələnin tam fərqli olduğunu deyib:

“Sözügedən İnçə çayı Kürün sağ qoludur. Çay bizə ermənilərlə 60 km-ə yaxın təmas xəttindən gəlir. İnçə çayından tək bizim kəndimizə - Tap və Tapqaraqoyunlu kimi iki qol ayrılır. Çayın mənbəyi Murovdağın yamacındadır. Murovdağda qar əriyəndə elə sel gəlir ki, qarşısını almaq mümkün olmur. O ərəfədə çayda suyun səviyyəsi yüksək olur, heç bir problem olmur. Amma yayda mənzərə dəyişir. Bu dəqiqə İnçə çayının Borsunlu kəndindən keçən hissəsində yerdən su çıxır. Hazırda İnçə çayında 60 litr su var, ondan da Borsunlu kəndinin camaatı istifadə edir.

Suyun hamısı Borsunlu kəndinə gedir. Biz o vaxt arxları düzəltməmişik deyə, kəndimizə həmin çaydan çox az miqdarda su gəlir, demək olar ki, gəlmir. Ermənilərlə təmas xəttində yerləşən çaydır, biz orada necə iş görək? Arxlar tez-tez dağılır, ora heç getmək mümkün deyil. Bu problem bizim kənddən qaynaqlanmır, məsələnin həllində biz özümüz də maraqlıyıq. Amma təəssüf ki, bu, çox dolaşıq məsələdir”.

Könül Cəfərli