Bakıda güclü külək altı ağacı aşırıb - FOTO

21:00 23-05-2020 18

Hazırda müşahidə edilən güclü küləklə bağlı paytaxt sakinlərindən ağacların altında dayanmamaları xahiş olunur. 

Bu barədə HerGun.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O bildirib ki, paytaxt, eləcə də, regionlarda mövsümə uyğun olmayan hava şəraiti müşahidə edilir:

"Güclü küləklə əlaqədar paytaxtın Nəsimi, Yasamal, Nəriman Nərimanov, Xətai, Sabunçu, Suraxanı rayonları ərazisində ümumilikdə altı ağac aşıb. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür".

O.Məmmədov əlavə edib ki, sakinlər ağacların altından keçərkən diqqətli olsunlar:

"Vətəndaşlar hündür, iri gövdəli ağacların altında avtomobil park etməsinlər, ağacların altından keçən zaman diqqətli olsunlar. Mövsüm ilə əlaqədar olaraq, ağaclar daha çox inkişafdadır və yaşıl kütlələri çoxdur. Bu səbəbdən payız və qış fəsillərinə nisbətən bu mövsümdə güclü külək səbəbindən ağacların aşma təhlükəsi daha çoxdur. Xahiş olunur ki, bu məqamları nəzərə alaraq diqqətli olsunlar".

Könül Cəfərli