Dövlət büdcəsində yarım milyard manatlıq kəsir

09:54 17-07-2019 702

2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 9048,7 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu dövrdə büdcədən 9426,1 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çox vəsait xərclənib, büdcənin icrasında 377,4 milyon manatlıq (ümumi daxili məhsulun 1,2 faizi qədər) kəsir yaranıb.

Daxilolmaların 22,0 faizi əlavə dəyər vergisi, 13,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,9 faizi fiziki şəxslərin gəlir vergisi, 3,8 faizi aksizlər, 1,7 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 47,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 27,0 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 14,2 faizi sosial müdafiə və sosial təminat, 12,5 faizi təhsil və səhiyyə sahələrinin, 46,3 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2019-cu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 104 05,5 milyon manat, xərcləri 10 951,0 milyon manat təşkil edib.

Büdcənin icrasında 545,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,4 faizi qədər kəsir yaranıb.