Bakıda “VAZ 2107” markalı avtomobilləri qaçıran şəxs tutuldu - VİDEO

15:00 30-05-2020 602

Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ 2107” markalı avtomobil oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha üç nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək, müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək, ümumilikdə dörd avtomobili qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrini sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda bir market və bir evdən oğurluq etdiyini də deyib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa,  “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.