Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

15:40 30-05-2020 352

“Atası tərəfindən şiddət görən 11 yaşlı uşağın hüquqları qanunvericiliyin normalarına uyğun qorunacaq”.

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Suraxanı rayonunda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı dərhal ərazi üzrə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlanılıb:

“Komissiyadan əldə etdiyimiz məlumata görə, sözügedən ailə problemli kimi qeydiyyatdadır. Uşaqlar isə internat evində təhsil alır və orada yaşayır .Sadəcə olaraq karantin dövrü ilə əlaqədar uşaqlar evə buraxılıb. Ata narkotik istifadəçisidir və bu, ilk zorakılıq faktı deyil. Həmin şəxs artıq dəfələrlə uşaqlara zorakılıq tətbiq edib, bu, onun tərbiyə üsuludur. Bununla əlaqədar ailənin böyük övladı hazırda onlarla deyil, rayonda yaxın qohumlarının yanında yaşayır.

Digər iki uşaq isə valideynlərinin yanındadır. Zorakılığa məruz qalan uşaqla bağlı Təcili Tibbi Yardım tərəfindən lazımi tibbi yardımlar görülüb. Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti ana və uşaqları təhlükəsiz yerə yerləşdirib. Uşaqların anası isə boşanma ilə bağlı məhkəməyə müraciət edib. Proses artıq məhkəminin icraatındadır”.

Komitədən verilən məlumatda o da qeyd olunub ki, ata ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən lazımi tədbirlər görülüb:

“İcra Hakimiyyətinin psixoloqu, eləcə də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının katibinin müşayiəti ilə ana və uşaqlar Suraxanı Rayon Polis İdarəsində ifadə veriblər. Məsələ ətraflı şəkildə araşdırılır. Bəzən valideynlər zorakılığı, şiddəti tərbiyə üsulu kimi görür. Lakin bu, yolverilməzdir. Ölkəmizdə yetkinlik yaşına çatmayan uşaqların hüquqları qanunvericiliyin normalarına uyğun müdafiə olunur.

Bu kimi hallar müşahidə edilən zaman dərhal İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaya, polisə müraciət etməlidirlər. Valideynlər uşaqların müəyyən yaşa qədər təlim-tərbiyyəsinə məsuliyyət daşıyırlar. Lakin unutmasınlar ki, bu prosesə dövlət tərəfindən ciddi nəzarət olunur. Aşkarlanan bu cür faktlar isə araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Könül Cəfərli