Elnur Allahverdiyev: “Dağlıq Qarabağda hakimiyyəti xunta rejimi zəbt edib”

13:40 04-06-2020 475

“Bu yaxınlarda “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilib. Qondarma, saxta prezident guya ki, seçilib”.

HerGun.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

O bildirib ki, bu gün xunta rejimi Dağlıq Qarabağda hakimiyyəti zəbt edib və bunlar əvvəlkilərin tör-töküntüləridir:

“Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları işğalçı ölkənin indiki rəhbərliyi açıb, ictimaiyyətə təqdim edib. Onların generalları oğru, “qəhrəmanları” cinayətkar, rəhbərləri də rüşvətxordur. Keçmiş rejimin bir sıra nümayəndələri həbs olunub, nə qədəri də axtarışa verilib. Bu, nə deməkdir? O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik edib.

Onlardan biri indi həbsxanadadır, o biri isə hələ ki, azadlıqda. Halbuki, onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarında olub. 

Əlbəttə ki, bu cinayətkar dəstə quldur rejim yaradıb. O rejim ki, bütün milli azlıqları əzib. Orada milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir nəfər də olsa, azərbaycanlı qalmayıb. 

Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, azərbaycanlıların tarixi irsi silinib. Nəinki azərbaycanlıların, orada heç bir başqa millətin nümayəndəsi yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla ölkədən qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər isə bir şoudur, təlxək tamaşasıdır. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb”.