Koronavirus dönəminin danılmaz gerçəyi: Niyə maska taxmalıyıq? - MÖVQE

17:20 05-06-2020 317

Koronavirusla mübarizədə ölkəmizdə görülən işlər, alınan qərarların bir məramı var: vətəndaşları bu bəladan xilas etmək, ən az zərərlə bu pandemiyadan qurtulmaq.

Dövlət, sözsüz ki, öz üzərinə düşəni edir. Vətəndaşlar isə öz məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməlidir.

Prezident İlham Əliyevin Ağdam və Ağcabədiyə səfəri zamanı maska taxması diqqətdən qaçmadı.

Dövlət başçısının qoyulmuş qaydalara ilk olaraq özünün riayət etməsi həm də pandemiyaya dırnaqarası baxan, dezinformasiya ilə cəmiyyətdə yanlış rəy formalaşdıranlara, ümumilikdə, ölkə əhalisinə əsl vətəndaşlıq nümunəsi və mesajdır.

Pandemiyanın ilk günlərindən istər Prezident İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə çağırışları, “Biz birlikdə güclüyük” devizi, bu çətin sınaqdan uğurla çıxmaq üçün mübarizə bizim özümüz, əzizlərimiz üçündür. İndiki şəraitdə cəmiyyətdə həmrəylik olmalıdır.

Hər bir vətəndaş koronovirus pandemiyasının gətirdiyi təhlükənin məsuliyyətini dərk etməlidir. Çünki pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməli və ölkədə qəbul olunan qərarlara əməl etməlidir.

Koronavirus pandemiyası dövründə ölkədə sərt karantin rejiminin tətbiqinə başlanıldı. Təbii ki, bu da ölkədə virusa yoluxanların sayında azalmaya səbəb oldu. Amma karantin rejimi yumşaldıldıqdan sonra vətəndaşlarda arxayınlıq yarandı, vətəndaşlar maska taxmağı və qoruyucu gigiyenik tədbirlərləri sanki unutdular. Nəticədə, yoluxanların sayı sağalanların sayını üstələdi.

Pandemiyanın əhalinin təhlükəsizliyinə yaratdığı təhdidin qarşişini almaq üçün cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq.

İctimai və fərdi nəqliyyatın hərəkəti, küçəyə çıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi məlumatda belə deyilir.

Virusdan qorunma yolları ilə bağlı maarifləndirici, tövsiyə xarakterli məlumatlar verilir. Bəzən vətəndaşlar maska taxmamağı ölkədə maska qıtlığının olması ilə əlaqələndirirlər. Amma bu, düzgün deyil.

Bu gün gündəlik istehsal 500 min maskadır. Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur.

İlham Əliyev dəfələrlə vətəndaşların sağlamlığı üçün maska taxmalarının vacibliyini qeyd edib:

“Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, sanki virus məhv olub”.

Dövlət başçısı bildirib ki, karantin qaydalarına riayət etməyən insanlara qarşı ciddi tədbirlər görüləcək:

“Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlar insanların həyatını risk altına salsın. Bu, qətiyyən mümkün deyil”.

Düşünmək lazımdır ki, vətəndaşlar maskadan istifadə etməsə, infeksiya artmağa başlayacaq. Bu zaman biz əvvəlki həyatımıza qayıda bilməyəcəyik. İnsanlar anlamalıdır ki, maska taxmalı, müəyyən müddət maskada gəzməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəfələrlə əhaliyə müraciət edib ki, insanlar maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsələr, sərt qərarlar olmaz.

İnsanlar qoyulan qadağalara riayət etmir, gigiyenik vasitələrdən istifadəni zəruri saymır, maska taxmırsa, onda sərt tədbirlər tətbiq etməyə zərurət yaranır.

İnanırıq ki, insanlar özlərini, yaxınlarının sağlamlığını düşünəcək və tezliklə normal həyata qayıdacağıq.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşib.

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunub.

Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnir.

Layihənin qəbulundan sonra Prezident İlham Əliyev müvafiq sənədi təsdiqləyib və cərimələrin tətbiqi qüvvəyə minib.