Bakıda itləri öldürənlərin hücumuna məruz qaldığı deyilən şəxs: “Silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”

16:40 06-06-2020 320

“Həmin gün axşam küçədən atəş səsləri gəldi. Küçəyə çıxanda ağacın yanında yaralı, inildəyən iti gördüm. İt ilə məsafəm bir metr olmağıma baxmayaraq, atəş açmaqdan çəkinməyən naməlum şəxslər yük maşının pəncərəsindən silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”.

Bu sözləri ötən gün silahlı hücuma məruz qalması ilə bağlı məlumatlar yayılan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov HerGun.Az-a açıqlamasında deyib.  

F.Mansurov qeyd edib ki, sözügedən hadisədə birmənalı şəkildə ona qarşı silahlı hücum olmayıb:

“Hiss olunurdu ki, səs boğucudan istifadə edirlər. Qaranlıq olduğu üçün yük maşınının nömrəsini və içərisindəki şəxsləri görmədim. Amma onlar ətrafda insanların olmasına məhəl qoymadan itlərə atəş açaraq, heyvanları öldürürlər.

Dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verdim. Məsələyə yerindəcə reaksiya verildi, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin əməkdaşları əraziyə yaxınlaşdılar. Müvafiq tədbirlərin görüləcəyini bildirdilər. Onlara da izah etdim ki, bu vəziyyət insanların həyatı üçün də potensial təhlükədir. Hərəkətdə olan avtomobildən atəş açılır və yaxınlıqda insanların olub-olmaması, güllənin yanlışlıqla onlara dəyə biləcəyi həmin şəxsləri maraqlandırmır. Bu hallar davam edərsə, bədbəxt hadisələr qaçılmaz ola bilər”.

F.Mansurov sosial şəbəkələrdə polis əməkdaşlarının ona qarşı təzyiq etmələrinə, bölməyə aparılması məsələsinə də münasibət bildirib:

“Paytaxtda itlərin öldürülməsi ilə bağlı məsələ bu gün aktualdır. Bu məsələyə səssiz qalmayan vətəndaşlardan biri kimi mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Polis əməkdaşları məni 16-cı Polis Bölməsinə apardılar. Orada izahat yazdım, vəziyyəti izah etdim. Həmin an faktiki olaraq mənim həyatım da təhlükədə idi. Çünki, güllə mənə də dəyə bilərdi. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mən sizin vasitənizlə bu məsələyə diqqətlə yanaşan polis əməkdaşlarına təşəkkür edirəm. Eyni zamanda, bir daha Daxili İşlər Nazirliyinə müraciət edərək, şəhərdə qanunsuz şəkildə itlərin güllələnməsi ilə bağlı faktların araşdırılmasını xahiş edirəm. Bu, çox ciddi sosial təhlükədir. Axşam saatlarında küçələrdə olan insanların da həyatı risk qarşısındadır. İtləri güllələyən şəxs və ya şəxslərin müəyyən olunaraq, qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlarına inanıram”.