“Əbədi cavan” 62 yaşlı model cazibədarlığının sirrini paylaşdı - FOTO

07:20 09-06-2020 496

Gənclər tərəfindən tez-tez görüşlərə çağırılan 62 yaşlı model Şeyla Kiss öz cazibədarlığının sirrini bölüşüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

İngiltərənin Birmingem şəhərindən olan qadın sağlam həyat tərzinə 32 il əvvəl - ikinci uşağını dünyaya gətirəndən sonra başlayıb.

40 yaşında o, ağır atletika ilə məşğul olur və həmin vaxtdan etibarən gündə iki saat olmaqla həftənin altı günü məşq edir. 49 yaşında isə özü üçün bikram-yoqanı kəşf edib və 13 ildir ki bununla məşğul olur.

Qeyd edək ki, Kiss 60 yaşına qədər Avstarliyada model kimi çalışıb.

“Həyatda hər şeydən çox podiumu sevirəm. Auditoriya qarşısında özümü rahat hiss edirəm. Dəbli şeyləri geyinmək hər zaman maraqlıdır. Onlar sənin üslubunda olmaya bilər, ancaq özünü elə aparmalısan ki, guya xoşun gəlir. Hər zaman özümə xatırladıram ki, mənə əşyanın və ya geyimin gözəl görünməsi üçün pul verirlər və məndən bunu almağımı istəmirlər”, - deyə qadın izah edib.

Kiss heç bir zaman kalori hesablamadığını və istədiyi hər şeyi yediyini deyib.

“Heç bir qida əlavəsi və ya proteindən istifadə etmirəm, bütün faydalı maddələri yeməkdən almağa çalışıram. 60 yaşlarında özünü güclü və sağlam hiss eləməyin necə əla olduğunu ifadə edə bilmirəm. Arıqlığı sağlamlıq hesab etmirəm. Mən idman görünüşlü sağlam bədən quruluşuna üstünlük verirəm”.

O, hətta səfərlərdə olduqda belə, məşqlərə ara vermədiyini bildirib.

“Səfərdə - idman zalına gedə bilməyəndə sürətli yürüş və ya qaçışla məşğul oluram, su şüşələrini qumla doldurub qantel əvəzinə istifadə edirəm”, - deyə qadın vurğulayıb.