Nazirlik: “Bəzi idmançılarımız üçün bu ağır zərbə oldu”

16:40 09-06-2020 391

“Tarixdə ilk dəfə olimpiya oyunları təxirə salındı”.

HerGun.Az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, dörd il müddətinə Olimpiya Oyunlarına hazırlaşan idmançılarımız psixoloji cəhətdən çox məyus olub:

“Elə idmançılarımız var ki, illərdir bu oyunlara hazırlaşırdı. Bəzi idmançılarımız üçün bu ağır zərbə oldu, bəziləri üçün isə növbəti şans. Yaş məhdudiyyəti ilə bağlı idmançılarımızın növbəti illərdə Olimpiya Oyunlarına qatılması mümkünsüz olacaq. Lakin yeni nəsil, gənc idmançılarımız üçün bunu daha yaxşı hazırlaşmaq üçün fürsət kimi qiymətləndirmək olar.

Karantin rejimi çərçivəsində tətbiq edilən qərarlar qüvvəyə mindiyində Federasiyalardan Nazirliyə müraciətlər başladı. Biz Federasiyalarla birlikdə bir açıqlama hazırladıq. İdman zallarının fəaliyyətinin dayandırılması isə idmançılarımıza ikinci bir zərbə oldu. Lakin, biz bunun öhdəsindən gələ bildik”.

S.Məmmədova idmançıların Nazirliyə müraciətindən də danışıb:

“İdmançılarımız məşq etmək üçün onlara şərait yaradılmasını tələb edirdilər. Mövcud vəziyyətlə bağlı biz onların müraciətləri əsasında Nazirlər Kabineti yanında operativ qərargahla əlaqə saxladıq. Operativ qərargahdan bizə müsbət cavab gəldi.

Artıq Milli Yığma komandalarımız İdman və Gənclər Nazirliyinin balansında olan idman qurğularında qapalı şəkildə məşqlərə başlayıb. İdmançılar səhhəti, sağlamlıq durumları ilə bağlı yoxlamalardan keçdilər. Yekun cavablar əsasında üzgüçülük, basketbol, cüdo, karate, boks, güləş, stolüstü tennis və s. idman növləri üzrə Milli Yığmaların idmançıları qapalı məşqlərə başlayıblar”.

Könül Cəfərli