Qızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEO

07:40 21-06-2020 667

İnquşetiya prokurorluğu yeddi yaşlı qıza işgəncə verməkdə təqsirləndirilən 36 yaşlı yerli sakinə və onun 44 yaşlı həmkəndlisinə qarşı qaldırılmış cinayət işində ittiham aktını təsdiqləyib.

Bu barədə “Siloviki” “Telegram” kanalı Rusiya Baş Prokurorluğuna istinadla xəbər verib.

Daha əvvəl çoxsaylı xəsarət almış yeddi yaşlı qızın Nazran Uşaq Xəstəxanasına aparıldığı, sonra Moskvadakı Roşal Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiya İnstitutuna köçürüldüyü bildirilmişdi.

Aldığı xəsarətlər səbəbindən həkimlər azyaşlının sağ qolunun bir hissəsini amputasiya ediblər.

Artıq uşaq klinikadan evə buraxılıb. Rusiya Federasiyası İstintaq İdarəsinin məlumatına görə, qız qəyyumluq barədə sənəd olmadan xalasının ailəsində böyüyüb. Qızın xalası barəsində cinayət işi açılıb.

Müstəntiqlərin dediyinə görə, qadın və onunla birgə yaşayan kişi qızcığazı hətta kiçik səhvinə görə döyüblər. Bir dəfə isə uşağın əllərini iplə bağlayaraq uzun müddət tavandan asılı vəziyyətdə saxlayıblar.

Bundan əlavə, qadın uşağı zorla qaz sobasının qızmar metal qapağına oturdub.

(Həssas insanların videoya baxması tövsiyə olunmur)

“Nəticədə, qız ağır bədən xəsarətləri alıb, bu isə sağ qolunun bir hissəsinin amputasiya edilməsinə səbəb olub”, - deyə, Baş prokuror bildirib. Onun sözlərinə görə, fiziki işgəncələrin sistematik şəkildə verilməsinə görə uşaqda psixi pozğunluq yaranıb.

Qadın və onunla bir yerdə yaşayan kişini 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün İnquşetiyanın Sunzjenski rayon məhkəməsinə göndərilib”, - deyə, məlumatda qeyd olunur.

Uşaq hazırda İnquşetiyanın paytaxtı Maqasda anası ilə birlikdə yaşayır.