EYOF Bakıda hansı idman obyektlərində keçiriləcək? - SİYAHI

17:45 18-07-2019 24

Məlum olduğu kimi, 21-27 iyul tarixlərində Azərbaycanda daha bir mötəbər yarış – XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçiriləcək.

Bəs 14-18 yaşlı idmançılar arasında baş tutacaq yarış hansı idman obyektlərində keçiriləcək?

HerGun.Az yarışların keçiriləcəyi 12 idman obyektini təqdim edir:

1. Tofiq Bəhramov adına Respublika Stadionu

Məşhur futbol hakiminin xatirəsinə adlandırılan Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci ildə tikilib və 2012-ci ildə renovasiya olunub. I Avropa Oyunları zamanı məkan futbol üzrə final oyunlarını qəbul edib. Stadionun tutumu 30 min azarkeşdir.

I Avropa Oyunları zamanı kamandan oxatma, IV İslam Həmrəyliyi Oyunları zamanı isə burada futbol yarışının finalları keçirilib. EYOF yarışları zamanı, daha dəqiqi, 22-27 iyulda bura yenidən atletika yarışlarına şahidlik edəcək.

2. Milli Gimnastika Arenası

Milli Gimnastika Arenası Atletlər Kəndindən cənub tərəfdə yerləşir. Arenanın tikilişi 2014-cü ilin fevral ayında bitib və 2014-cü ilin aprelində fəaliyyətə başlayıb. Xüsusi məqsədlə hazırlanmış qurğuda Azərbaycan Gimnastika Federasiyası yerləşir.

6500 tamaşaçı tutumuna malik məkan I Avropa Oyunları (beş gimnastika növü) və IV İslam Həmrəyliyi Oyunları zamanı gimnastika (bədii gimnastika) yarışlarını qəbul edib. Bu dəfə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində bu arenada baş tutacaq.

3. Bakı İdman Sarayı

Bu saray 1980-ci ildə tikilib və 2015-ci ildə rekonstruksiya olunmuş bir məkandır. Bakı Bulvarına yaxın yerləşən məkan oyunlar zamanı 1250-dək həndbol pərəstişkarlarını qəbul edə biləcək. 1628 tamaşaçı tutumuna malik olan idman obyekti I Avropa Oyunları zamanı badminton, stolüstü tennisə, IV İslam Həmrəyliyi Oyunları vaxtı isə karate, taekvondo və uşu idman növlərinə şahidlik edib.

Həndbol yarışları bu arenada 22-27 iyulda baş tutacaq. Yalnız son gündə həm oğlan, həm də qız həndbol komandalarının mübarizəsində qalib müəyyənləşəcək.

4. Bakı Tennis Akademiyası

Bakı Tennis Akademiyası 2009-cu ildə tikilib. 2011-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən açılışı olan Akademiya 2,7 hektar ərazini əhatə edir. Bu məkana geri çəkilə bilən dama malik mərkəzi kort və 11 qapalı və açıq kortlar daxildir. Məkan keçmişdə Qadın Tennis Assosiasiyasının (WTA) və İslamiadanın tennis yarışmalarını qəbul edib. Mərkəzi kortu üç min tamaşaçı tutan idman obyektinə gələnlər bütün yarış boyu tennis oyunlarının şahidi olacaqlar. Lakin son iki gündə dörd qızıl medalın sahiblərinə aydınlıq gələcək.

5.  Su İdman Sarayı

Su İdman Sarayı I Avropa Oyunları üçün tikilib və Azərbaycanda populyar idman məkanına çevrilib. Həmin vaxt orada suya tullanma, üzgüçülük və sinxron üzgüçülük yarışları keçirilmişdi. İslamiada zamanı üzgüçülük və suya tullanma yarışları baş tutmuşdu.

Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən məkan EYOF zamanı 22-26 iyul tarixlərində yalnız üzgüçülük yarışlarını qəbul edəcək.

6. Sərhədçi Arena

Sərhədçi İdman Olimpiya Mərkəzinin tikilişi 2007-ci başlanılıb və məkan 2009-cu ilin avqustunda açılıb. Məkan Bakı şəhərinin Xətai rayonunda yerləşir və müxtəlif beynəlxalq səviyyəli idman yarışlarını qəbul edib. 2500 tamaşaçı tutumu olan arena İslam Həmrəyliyi Oyunları zamanı həndbol və stolüstü tennis yarışlarına şahidlik edib.

EYOF-da isə yalnız basketbol yarışı baş tutacaq. 22-27 iyul tarixlərində keçiriləcək yarışlarda qalib oğlan və qız komandalar son gündə məhz bu arenada bilinəcək.

7. ABU Arena

Abu Arenanın tikilişi 2003-cü ildə başa çatıb. Məkan həndbol üzrə yeniyetmə Olimpiya komandasının məşqlərini qəbul edib. Məkanın tutumu 1000 azarkeşdir. Bu arenada 22-27 iyul tarixlərində həndbol yarışları baş tutacaq.

27 iyul qalib oğlan və qız komandaları müəyyənləşdirmək baxımından həlledici olacaq.

8. Dərnəgül Arena

Dərnəgül Arena 2012-ci ildə tikilib və I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları zamanı voleybol üzrə məşq məkanı kimi istifadə olunub. 1189 tamaşaçı tutumuna malik məkan “Azərreyl” voleybol klubunun oyunlarına ev sahibliyi edir.

22-27 iyul tarixlərində keçiriləcək voleybol oyunlarının bəziləri məhz bu məkanda baş tutacaq.

9. Avropa Azərbaycan Məktəbi

Avropa Azərbaycan Məktəbi iki kampusdan ibarətdir və Badamdarda yerləşən kampuslardan biri EYOF zamanı basketbol yarışlarını qəbul edəcək. Məkan 2014-cü ildə tikilib və onun tutumu 100 azarkeş təşkil edir.

22-27 iyulda baş tutacaq basketbol oyunlarının bəziləri burada keçiriləcək.

10. FHN İdman Arenası

FHN İdman Arenası Fövqəladə Hallar Nazirliyinin məşq məkanı kimi fəaliyyət göstərir. Məkan ötən il tikilib. Onun tutumu 1950 azarkeşdir. 22-27 iyul tarixlərində burada voleybol yarışları keçiriləcək. Son gündə məhz bu arenada oğlan və qız voleybol komandalarından hansının qalib olduğu bilinəcək.

11. Velopark

Velopark I Avropa Oyunları üçün tikilib və 30 hektar ərazini əhatə edir. I Avropa Oyunları zamanı velosipedin BMX yarışlarına şahidlik etmiş Veloparkda bu dəfə velosipedin şosse növü üzrə qaliblərini müəyyənləşdirməyə çalışacaqlar.

23 və 25 iyul tarixlərində ümumilikdə dörd qızıl medalçı müəyyənləşdiriləcək.

12. Heydər Əliyev Arenası

Heydər Əliyev Arenası Bakının əsas sərgi sahəsidir. 1990-cı ildə açılan məkan 40-dan çox beynəlxalq idman yarışlarını qəbul edib. Məkanın tutumu səkkiz min azarkeşdir. I Avropa Oyunları zamanı cüdo, güləş, sambo burada baş tutubsa, İslamiada zamanı ilk iki idman növü üzrə atletlər mübarizə aparıb. Elə bu dəfə də cüdoçu və güləşçilər tatami və döşək üzərinə burada çıxacaq. Güləş yarışları 21-23 iyulda, cüdo isə 24-27 iyul tarixlərində baş tutacaq.

Xatırladaq ki, EYOF-un açılış və bağlanış mərasimləri Kristal Zalda olacaq. I Avropa Oyunları zamanı voleybol, boks, qılıncoynatma, karate və taekvondoya şahidlik etmiş bu zalda açılış mərasimi 21, bağlanış 27 iyulda baş tutacaq.

Səbuhi Musayev