Afrikada yayılmış epidemiya alimləri çaş-baş qoyub - FOTO

07:20 03-07-2020 332

Botsvananın şimalında 350-dən çox fil kütləvi şəkildə ölüb. Elm adamları bu sirli ölümləri ekoloji fəlakət adlandırıb.

Bu barədə "The Guardian" xəbər verib.

İlk dəfə müəmmalı heyvan ölümü mayın əvvəlində Okavanqo deltasında qeydə alınıb, ayın sonuna qədər ölən fillərin sayı 169-a yüksəlib. İyunun ortalarında isə bu say iki dəfədən çox artıb.

Britaniyanın "National Park Rescue" xeyriyyə təşkilatının təbiəti mühafizə direktoru Nayl Makkani uzun illərdir belə kütləvi qırğının müşahidə edilmədiyini vurğulayıb.

Botsvana hökuməti hələ cəsəd nümunələrini müayinə etməyib. Buna görə də, ölümün səbəbi və insan sağlamlığı üçün təhlükəsi barədə məlumat yoxdur. Baş verənlərin iki əsas versiyası zəhərlənmə və ya naməlum patogendir.

Yerli şahidlər bəzi fillərin öülmdən əvvəl yerlərində dövrə vurduqlarını bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu, nevroloji pozğunluq əlaməti sayılır.

“Cəsədlərə baxsanız, onların üzü üstə yıxıldığın görərsiniz. Bu, heyvanların qəfil öldüyünü göstərir. Digərləri isə, əksinə, tədricən ölüblər. Buna görə də, nə baş verdiyini söyləmək çox çətindir”, - deyə Makkani bildirib.

Yerli hesabatlara görə, risk qrupuna konkret xüsusiyyətli fillər daxil deyil: hər yaşda və hər iki cinsdən ölənlər var.

Hazırda nümunələr əlavə araşdırma üçün laboratoriyaya göndərilib.