Naxçıvandakı Olimpiada təxirə salındı - RƏSMİ

14:20 04-07-2020 404

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.

HerGun.Az xəbər verir ki, söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında (U-16) Ümumdünya Şahmat Olimpiadasından gedir.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarına əsasən, həmin Olimpiada bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən U-16 Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyini sonadək qoruyub.

Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bu Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “ShamkirChess2020” superturniri də təxirə salınıb.

Səbuhi Musayev