Çəyirtkələrin miqrasiyasının qarşısı alınır - FOTO

15:00 08-07-2020 360

İyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq, çəyirtkə dəstələrinin yayıldığı ümumi ərazi müəyyənləşdirilib.

Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında (imaqo) hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla, mobil ultrakiçik həcmli çiləyici aqreqatlarla təchiz olunmuş beş “Mitsubişi-L200” markalı avtomaşın və iki yerüstü çiləyici cəlb olunmaqla sirayətlənmiş ərazilərdə “Arrivo” (t.m. - Sipermetrin) preparatı ilə 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Mübarizə tədbirlərinin vaxtında, operativ, həmçinin, optimal müddətdə və mobil texnika vasitəsilə aparılması nəticəsində cəyirtkə miqrasiyasının ziyanvurma həddi minumuma endirilib.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər.