“Kommersant”ın müxbiri: “Tovuzda dinc sakinlərin dağıdılmış evlərini gördük” - MÜSAHİBƏ

15:40 22-07-2020 467

Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr zamanı sərhəd bölgəsinə səfər edən ilk xarici jurnalistlər Rusiyanın “Kommersant” qəzetinin iki əməkdaşı - xarici siyasət bölməsinin müxbiri Kirill Krivoşeyev və fotojurnalist Andrey Jdanov olub.

Kirill Krivoşeyev Media.Az-a verdiyi müsahibədə cəbhədəki təəssüratlarından danışıb.

- Siz Azərbaycanın Tovuz rayonunda hərbi əməliyyatların keçirildiyi əraziyə baş çəkmisiniz. Həmin əraziyə nəcə gətdiniz? Bildiyimə görə, siz və həmkarınız son hadisələri yerində işıqlandıran yeganə xarici jurnalistsiniz.

- Mən 2016-cı il hadisələrini də işıqlandırmışam, o zaman biz birbaşa müharibə bölgəsinə gəlmişdik. Sərhəddə son gərginlik başlayanda mən Azərbaycan Prezident Administrasiyasına müraciət etdim və orada yüksək qonaqpərvərliklə qarşılandım. Azərbaycan tərəfi səfərimizi mükəmməl səviyyədə təşkil etdi.

Bəli, hazırda təyyarələr uçmur, quru sərhədlərimiz istiqamətində hərəkət etdik. Dağıstana gəldik, orada çətinliklərlə qarşılaşdıq. Rusiya tərəfi bizi buraxmadığı üçün iki gün gözləməli olduq. Rusiya hökumətinin qərarına əsasən, nadir istisnalar xaric vətəndaşların başqa ölkələrə getməsi qadağandır. Bu səfərimizin məhz “nadir istisna” olduğunu sübut etməli olduq.

- Siz hadisələrin cərəyan etdiyi əraziyə çatanda aktiv qarşıdurma artıq səngimişdi?

- Biz sərhədi iyulun 17-də keçdik və dərhal Tovuza yollandıq. İşimizə iyulun 18-də başladıq. Artıq atəş açılmırdı. Ancaq biz dağıdılan evləri gördük, minaların təmizlənməsini izlədik. Dinc insanların evlərində mərmilərin yaratdığı dağıntılar müşahidə edilirdi, istehkamçılar çağırılırdı, onlar isə öz növbəsində partlamamış mərmilərin olub-olmadığını yoxlayırdılar.

Biz Tovuzdakı təmas nöqtəsində olmaq istəyirdik, ancaq görünür ki, təhlükəsizlik səbəbindən bu mümkün olmurdu. Bunun əvəzində nisbətən sakit olan Qazax rayonunda yerləşən zastavanı ziyarət etməyimizə şərait yaratdılar. Orada bizi polkovnik Müzəffər Pərizadə qarşıladı. Hərbçilərin şəkillərini çəkib onlarla danışmaqdan çox məmnun olduq. Yeri gəlmişkən, effektiv fotolar alındı.

- Sakinlərin və hərbçilərin əhval-ruhiyyəsi necədir?

- Sakinlər oxşar hadisələri yalnız Suriyada çəkilmiş televiziya reportajlarından gördüklərini söylədilər. Bütün bu faktlar hadisələri 1994-cü ilə qaytarır. İstifadə olunan ağır artilleriya mərmiləri idarə olunmur və dinc sakinlər bundan əziyyət çəkir.

- Orada eşitdikləriniz nə oldu?

- Azərbaycan tərəfi elan etdi ki, gərginliyin olmasında maraqlı deyil. Əlbəttə, hadisələri saniyə-saniyə öyrənmək lazımdır. UAZ avtomobili ilə bağlı (guya Azərbaycan hərbçiləri Ermənistan sərhədini hərbi avtomobillə keçib - red.) izahedilməz vəziyyət... Çətin ki, UAZ artilleriya atəşlərinə səbəb ola bilərdi.

- Münaqişənin kəskinləşməsi Ermənistanın marağındadır. Onlar münaqişəyə üçüncü tərəfi cəlb etməyə cəhd göstərirdilər. KTMT-ni nəzərdə tuturam. Ancaq bu baş vermədi...

- KTMT, həqiqətən də, həmin münaqişəyə müdaxilə etməyəcək. Doğrusu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişələrə qarışmır. Hər dəfə toqquşma baş verən zaman KTMT bu məsələnin istisna olduğunu bəyan edir və müdaxilə etməyəcəyini bildirir. Qırğızıstan və Tacikistan arasında sərhəd toqquşmalarını xatırlayın. Reaksiya oldumu? Bilirsiniz ki, bu iki ölkə KTMT-nin üzvüdür. Bura çox mürəkkəb regiondur. Bəli, Azərbaycan KTMT üzvü deyil, amma bu münaqişə özümüzünkü, daxili bir məsələ kimi qəbul olunur və KTMT ona qarışmayacaq.

KTMT özünü NATO ilə müqayisə etməyə imkan verən bir platforma, imic layihəsidir. Yəni, baxın, əgər onların hərbi bloku varsa, bizim də var. Yeri gəlmişkən, NATO Türkiyə ilə Yunanıstan arasında fikir ayrılığına müdaxilə etmir, amma hər iki ölkə Şimali Atlantika Alyansının üzvüdür.