Sevinc Orucova: “Yalnız onda şəhidlərimizin ruhu sözün əsl mənasında rahatlıq tapacaq”

15:00 23-07-2020 464

Bu gün Azərbaycanın əzəli-əbədi torpaqlarından olan Ağdam rayonunun işğal olunduğu gündür. Ağdam rayonunun 1 154 kvadrat kilometrlik ərazisi 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. Bu 27 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarından olan Ağdamda qədim keçmişin şahidi olan tarixi abidələr, 80 kənd, 105 səhiyyə obyekti, 74 məktəb binası, 199 mədəniyyət evi, memarlıq nümunələri, 67 idarə-müəssisə, 14 məscid dağıdılaraq, məhv edilib.

Bu gün bütün azərbaycanlılar üçün ağır və kədərli tarixdir. 42 günə yaxın davam edən döyüşlərin nəticəsində 6 mindən çox şəhid vermişik, 143 min məcburi köçkün soyadaşımız var.

HerGun.Az Ağdamın işğalının 27-ci ildönümündə Aprel şəhidimiz, əslən Ağdam rayonundan olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə həmsöhbət olub:

- Sevinc xanım, Raquf Orucovun Ağdam sevgisi, Vətən sevgisi hər kəsə bəlli idi. Bu il Ağdamın işğalından artıq 27 il ötür...

- Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycanın əzəli torpaqlarından olan Ağdamın işğalı günüdür. Bu sözü demək şəhid ailələri üçün qat-qat ağırdır. Biz bu tarixlə həm fəxr edirik, həm də acı çəkirik. Fəxr edirik ki, Ağdam torpağının işğalçı ermənilərin əlinə düşməməsi üçün 6 minə yaxın oğullarımız, qardaşlarımız, atalarımız son damla qanına qədər mübarizə apararaq, şəhidlik zirvəsinə ucalıb. Acımız isə bu döyüşlərin ailələrin həyatında iz qoymasıdır. Düşünürəm, çox az ailə tapmaq olar ki, döyüşlərdə ailə fərdini itirmiş olmasın. Ağdam Raquf Orucovun sızıldayan ürək yarası idi. Ağdamda anasını, dayısını itirmişdi. Şirin Mirzəyev, Allahverdi Bağırov və onların timsalında digər neçə qəhrəman oğullarımızı itirmişik. Allah onlara rəhmət eləsin. Bütün bunlara baxmayaraq, hələ də işğal altında olan Ağdamı tezliklə geri alacağımıza, şəhidlərimizin, əzizlərimizin qanının yerdə qalmayacağına bütün qəlbimizlə inanırıq.

- Ağdamın, demək olar ki, 70 faizdən çox hissəsi işğal altındadır. Lakin 30 faizə yaxın hissəsində hələ də vətəndaşlarımız yaşayır. Öz dədə-baba yurdlarını tərk etmirlər.

- Bəli, elədir. Mən özüm də bu gün Ağdamdayam. Öz evimizdə. Ağdam bizim vətənimizin bir hissəsidir, insan Vətənsiz qala bilərmi? Buradakı insanlar düşməndən qorxmur. Düşmən bizdən qorxmalıdır. Qarabağın ən iri ticarət mərkəzlərindən birinin yerləşdiyi şəhər olub Ağdam. Düşmən hazırda orada heç bir iş görə bilmir. Çünki o torpaqlarda sayılı günlərinin qaldığını bilirlər. Hər an təhlükədə olduğunu bilirlər.

Sevinc xanım deyir ki, əhali Ağdamı “şəhid torpaq”, “ruhlar şəhəri” adlandırır. Ona görə isə Ağdam Raquf Orucovun ruhu, nəfəsidir...

- İşğal günlərində çıxış etməyi çox sevmirsiniz, amma vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Bəli, mən bu günün ağırlığını daşıya bilmirəm. Hər il dəvət edirlər, lakin mən Vətən dərdimi sakit çəkirəm. Düşündükcə insana pis təsir edir. Torpağımızın “işğalı günü” demək asan deyil. Bu, hər birimiz üçün çətindir. Bizim torpaqlarımızın hər qarışı müqəddəsdir. Biz o gün də Vətən uğrunda mübarizə aparan xalqıq, bu gün də. Bəlkə bu gün mübarizə aparan igidlərimiz o vaxt Vətən uğrunda canından keçən igidllərimizin oğulları, nəvələridir. Bu, haqsız müharibə və haqsız işğaldır. Amma çox yaxın zamanda Azərbaycan öz torpaqlarını geri alıb, bu haqsızlığa son qoyacaq.

- İyulun 12-də ermənilərin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat hər kəsə Aprel döyüşlərini xatırlatdı. Ermənilər yenə özlərinə yaraşanı etdilər.

- Bilirsiniz, 2016-cı ilin Aprel döyüşləri 25 ilin susqunluğundan sonra ilk böyük hərbi əməliyyat idi. Biz həmin döyüşlərdə Azərbaycan Ordusunun çoxsaylı peşəkar zabitlərini, əsgərlərini itirdik. Raquf Orucov da bu döyüşlərdə şəhid oldu. Mənə təsəllli verən məqamlardan biri Raqufun şəhid olduğu yerin Ağdərə rayonu yazılmasıdır. Raquf, eləcə də, onun kimi onlarla hərbçimiz ön cəbhədə, düşmənlə sona qədər vuruşaraq, şəhidlik zirvəsinə ucaldılar. Düşmən hücumunun qarşısını alaraq, həm də düşmənə qarşı hücuma keçən hərbçilərimiz hərbi əməliyyatı uğurla başa vurdu. Döyüşlər itkisiz olmur, biz bunu artıq qanımızda, canımızda hiss edirik, başa düşürük. Torpaqlarımızın bir qisminin alınması ilə yekunlaşan bu döyüşlər bizi qələbəyə daha da ruhlandırdı.

Ondan sonra isə iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər bizi yenidən Aprel döyüşləri baş verən günlərə qaytardı. İyulun 12-də həm də Raquf Orucovun doğum günü idi. Azərbaycan gəncliyinin torpağa, Vətənə canı ilə bağlı olduğunu görmək qürurvericidir. Təəssüf ki, bu döyüşlərdə generalımız öz əsgərləri ilə birlikdə çiyin-çiyinə vuruşaraq, şəhidlik zirvəsinə ucaldı. Biz onların xəbərini alanda sanki yaramız yenidən qanadı. Qəlbimizdə yenidən həm fəxr, həm acı hissi bir-birini qovdu. Bu, bizim qan yaddaşımızdır. Heç zaman unudulmayan tarixi bizim şəhidlərimiz al qanları ilə yazıb. Ona görə də, Ağdamın, eləcə də digər işğal altında olan torpaqlarımızın hər qarışında Azərbaycan oğullarının, qəhrəman şəhidlərimizi qanı var. İnşallah, çox yaxın zamanda biz o torpaqlarımıza geri qayıdacağıq, yalnız onda şəhidlərimizin ruhu sözün əsl mənasında rahatlıq tapacaq, şad olacaq...

Könül Cəfərli