“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: “Alacağım kompensasiyanı ona verməliyəm?”

15:49 20-07-2019 51

“Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə?”

Yenicag.az-a müraciət ünvanlayan Qazax şəhər sakini Cəfərova Aynurə Əyyaz qızı “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Tovuz rayon filialının müdiri Elgün Musayevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, ona çatacaq kompensasiyanın ödənilməsinə imkan vermədiyini yazıb.

Aynurə Cəfərova filial müdirinin kompensasiyanın ödənilməsi üçün ondan qeyri-qanuni ödəniş tələb etdiyini bildirib:

“Unibank”ın Tovuz rayon filialının müdiri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, mənə qaytarılmalı olan 1027.06 manat pulu və plastik kartı vermək üçün rüşvət tələb edir. Filial müdiri tələb edir ki, “sən, birinci bizə qalmış borcunu – həmin 1027.06 manatı bizə nəğd şəkildə ver, borcunu bağla, biz də sənə kartını verək”.

Ancaq o, bizim “Unibank”a borcumuzun olduğunu təsdiqləyən heç bir bildiriş vermədi. Əgər mənim banka borcum olsaydı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həmin kompensasiyanı kredit borcuna yönləndirərdi və qeyd etdiyim məbləğin mənə ödənilməsi müəyyən olunmazdı.

Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının müdirinə? Səhv etmiriksə, həmin Fərmanda kompensasiyaların bizlərə ödənilməsi nəzərdə tutulub.

Mən “Unibank”a olan kredit borcumuzu birinci qrup gözdən əlil, Prezident təqaüdçüsü Mirzəyev İlqar Kərim oğlunun aldığı pulla, balalarımın boğazından kəsərək, onları günlərlə ac qoyub, çətinliklə ödəmişəm və həmin kompensasiyanı da mən almalıyam. Nə üçün mən aldığım kompensasiyanı rüşvət kimi müdirə verməliyəm?

Əminəm ki, mənim şikayətim əsasında qanuni, hərtərəfli araşdırmalar, yoxlamalar aparılacaq, təqsirkar şəxs qanun və Dövlət qarşısında cavab verəcək, mənə verilməli olan kompensasiyanı maneəsiz şəkildə alacağam”.