Bakıda 28 yaşlı gənc qətlə yetirildi

10:00 04-08-2020 453

Avqustun 3-də saat 18 radələrində Bakının Nərimanov rayonunun ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı - 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.