Şamil Tağıyev: “Erməniləri niyə Rusiyadan deportasiya etməyə başlayacaqlar?” - ŞƏRH

14:20 04-08-2020 541

Ermənistan yenidən narahatdır... Yerevanın “İravunk” qəzetinin verdiyi məlumata görə, Rusiyada karantin rejimi ləğv edildikdən sonra ermənilərin kütləvi şəkildə deportasiyası gözlənilir. İrəvan bunu Rusiyada ermənilər və azərbaycanlılar arasında münaqişə ilə əlaqələndirir. Nəşr qeyd edir ki, gərginlik artıq görünməkdədir. Rusiyaya işləməyə gedən Ermənistan vətəndaşlarının sənədləri Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə araşdırılır.

Bununla yanaşı, Moskvadakı Azərbaycan icmasının rəhbəri Şamil Tağıyevin Media.Az-a bildirdiyi kimi, vəziyyət Ermənistan mediasının açıqladığı ilə eynilik təşkil etmir. Ermənilərin kütləvi şəkildə mümkün deportasiyası son toqquşmalarla əlaqəli deyil. 

- Gəlin Moskvadakı hazırkı durum nədən ibarət olmasından başlayaq, erməni və Azərbaycan diasporları arasında gərginlik davam edirmi?

- İndi sakitlikdir.

- Bununla yanaşı, Yerevanın “İravunk” qəzeti ermənilərin Rusiyadan kütləvi şəkildə deportasiya olunacağını bildirib...

- Məsələyə aydınlıq gətirək. Dava və hücumlarda iştirak edən insanların deportasiyası bütün iştirakçılara aiddir. Bu məsələ ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçkin yanaşması yoxdur, bu, birinci məsələdir. Ancaq Yerevan KİV qorxularında haqlıdır, məhz ermənilərin kütləvi şəkildə deportasiyası ilə bağlı nəticəyə gəlmək analitik hesablamalar sayəsində mümkündür və bu, son toqquşmalarla heç bir əlaqəsi olmayan ikinci məsələdir.

Ermənistan və xarici siyasətlə bağlı vəziyyət var. Yerevan açıq şəkildə Rusiya Federasiyasında gözlənildiyi kimi davranmır. Hətta rusiyalı ermənilər Nikol Paşinyanı və onun Rusiyaya qarşı siyasətini tənqid edirlər. Bir çox rusiyalı ermənilər Paşinyana qarşı mənfi münasibət sərgiləyirlər, onun ölkəni idarə edə bilməməsini göstərməyə çalışırlar. Misal olaraq, Marqarita Simonyanın və başqalarının çıxışlarını yadımıza salaq. Onların hamısı mövcud Ermənistan hökumətinin Rusiya əleyhinə siyasət yürütdüyünü vurğulayır. Erməni KİV-in ritorikası haqqında danışmağın, yəqin ki, mənası yoxdur – o, Rusiya Federasiyasına nifrət hissi ilə dolub. Buna görə də, qorxular Rusiya Federasiyası ərazisindəki döyüşlər və qarşıdurmalarla deyil, Moskva ilə Yerevan arasındakı münasibətlərlə bağlıdır.

- Yəni indiki Ermənistan hakimiyyətinə görk olmaq üçün erməni vətəndaşlarını deportasiya edəcəklər?

- Bəli, deportasiya mexanizmi işə düşərsə, bu, ilk növbədə “Paşinyanyönümlü ermənilər”ə təsir edəcək. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiyanın erməni diasporunda bir növ parçalanma baş verdi. Ermənistandakı yeni hökuməti dəstəkləyən yeni erməni diaspor quruluşları meydana çıxdı. Rusiya ermənilərinin “Rusiyayönümlü” birliyi - Rusiya Erməniləri İttifaqı vardı. O, hələ də mövcuddur, amma praktik olaraq media sahəsində yoxdur. Ancaq yeni quruluş - Rusiya Erməniləri Birliyi adlı paşinyanyönümlü təşkilat hər yerdə var.