“Qarabağ” Çempionlar Liqasında iki dəfə mərhələ keçdiyi tanış rəqiblə qarşılaşa bilər

16:00 10-08-2020 436

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti mümkün rəqibi müəyyənləşib.

HerGun.Az xəbər verir ki, “Qarabağ” Şimali Makedoniyanın “Sileks” komandasını keçərsə, II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” II mərhələyə adlayacağı halda, yenə rəqibini Bakıda qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” Moldovanın dəyişməz çempionu “Şerif”lə artıq avrokuboklarda dörd dəfə qarşılaşıb. Bu matçlar 2017-ci ildə Çempionlar Liqasının III təsnifat və 2018-ci ildə Avropa Liqasının pley-off mərhələlərində baş tutub.

Hər iki halda mərhələ keçən Ağdam komandası bu görüşlərdən ikisində qalib gəlib, bir dəfə heç-heçə edib, bir dəfə isə uduzub.

Səbuhi Musayev