Gülağa Tənhanın 100 minini mənimsəyən biznesmenin oğluna cəza istəniləcək

18:16 22-07-2019 1260

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

HerGun.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin ifadələri elan olunub. 

Zərərçəkmiş Təranə Dünyamalıyeva ona dəymiş ziyanın ödənilmədiyini söyləyib. 

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışa hazır olmadığını və məhkəmədən vaxt istədiyini bildirib. 

Proses iyulun 29-dək təxirə salınıb. 

İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.

Qeyd edək ki, L.Qasımov “Real” MTK-nın rəhbəri İlham Qasımovun oğludur.

İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.