“Vokaliz”i oxuyan Siruşonun yalanı üzə çıxdı - Dövlət qurumundan rəsmi reaksiya

13:09 23-07-2019 1204

Əqli Mülkiyyət Agentliyi erməni müğənni Siranuş Harutyunyanın (Siruşo) Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın “Vokaliz” mahnısını “Yurmala” festivalında ifa etməsi məsələsini araşdırıb.

Bu barədə HerGun.Az-a qurumun hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov məlumat verib. 

Qurum rəsmisi bildirib ki, ifanı özündə əks etdirən videogörüntülərlə bağlı araşdırma aparılıb və məsələnin, əslində, erməni müğənninin təqdim edildiyi kimi olmadığı üzə çıxıb:

“Həmin görüntülərə diqqətlə nəzər yetirəndə bəlli olur ki, Siruşo bu mahnını məşq zamanı ifa edib. İyulun 21-də baş tutan festivalda erməni müğənni bir solo oxuyub və həmkarı Layma Vaykuli ilə duet səsləndirib. “Yurmala”da Siruşo Brilliant Dadaşovanın repertuarında yer alan “Vokaliz” mahnısı ilə çıxış etməyib. 

Biz bu kimi hallar baş verdikdə dərhal reaksiya verib, xarici qurumlar və festivalın təşkilatçıları ilə əlaqə saxlayıb etirazımızı bildiririk”.

Xatırladaq ki, Siruşo illər öncə repertuarına icazəsiz şəkildə saldığı “Vokaliz”i “Yurmala” səhnəsində ifa etdiyini özündə əks etdirən görüntünü sosial şəbəkədə paylaşıb.

Xalq artisti Brilliant Dadaşova məsələ ilə bağlı HerGun.Az-a açıqlamasında deyib ki, əsərin müəllif hüquqları ona məxsusdur və müvafiq qurum bununla bağlı “Yurmala” festivalının təşkilatçılarına etirazını bildirməlidir.

Rəşad Əliyev