“Neftçi” 500 min avroluq futbolçunu transfer edə bilər

11:20 08-09-2020 478

“Neftçi” Yunanıstanın məşhur “Panatinaikos” klubundan Dimitris Kolovosla heyətini gücləndirə bilər. 

Yunanıstanın newspao.gr saytı xəbər verir ki, 27 yaşlı sol cinah hücumçusu “Neftçi”yə keçməkdə maraqlıdır. Çünki “Neftçi” sentyabrın 17-də Türkiyənin məşhur “Qalatasaray” klubu ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq. 

Qeyd edək ki, Dimitris Kolovosun 2022-ci ilin yayınadək “Panatinaikos”la müqaviləsi var. “Transfermarkt”a görə, onun keçid qiyməti 500 min avrodur. Bu səbəbdən transferin icarə əsasında gerçəkləşməsi gözlənilir.

Dimitris Kolovos 2014-cü ildən Yunanıstan millisində doqquz oyun keçirib və bir qol vurub. O, həmin qolu ötən il millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovina ilə matçda vurub. Kolovos həmin qolla komandasını məğlubiyyətdən xilas edib (2:2).

Səbuhi Musayev