Norveçli nazir açıqladı: “Bakıya getsə, “Molde”yə heç bir güzəşt olmayacaq”

14:40 08-09-2020 444

Norveç hökuməti UEFA Çempionlar Liqasının “Qarabağ” – “Molde” oyunu üçün qoyduğu karantin qaydalarını pozmayacaq.

Bu barədə Norveçin Pakistan mənşəli Mədəniyyət naziri Abid Raca NTB-yə (Norveç Xəbər Agentliyi) bildirib.

“Təəssüf ki, “Qarabağ”la matça kimi “Molde” mümkün istisnadan yararlana bilməyəcək. Bu barədə Norveç Futbol Federasiyası və “Molde”ni məlumatlandırdıq ki, növbəti həftənin sonunadək bu, mümkün olmayacaq. Onlar buna görə öz planlarını qurmalıdır. UEFA-nın reqlamentinə uyğun olaraq matç neytral ərazidə keçirilməlidir”.

Azərbaycan Şengen zonasından kənarda yerləşdiyindən, “Molde”nin futbolçuları 15 və ya 16 sentyabrda baş tutacaq görüşdən sonra Norveçdə 10 günlük karantinə alınacaq. Belə olduğu halda, “Molde” Norveç çempionatında iki oyunu buraxmalıdır.

Ona görə də “Molde” oyunun Bakıda yox, neytral meydançada keçirilməsini istəyir. “Qarabağ” tərəfi isə oyunun Bakıda baş tutması üçün öz arqumentlərini UEFA-ya göndərib. Məhz UEFA bunlar əsasında Norveç hökumətinə “Molde” futbolçularına güzəşt edilməsi üçün müraciət edib. Lakin nazirin sözlərindən belə başa düşülür ki, bu güzəşt olmayacaq.

Səbuhi Musayev