Güləş Federasiyasının rəhbəri: Bu nəticəni başqa ölkələrin təkrarlaması çətin olacaq

01:27 24-07-2019 18

İtaliyada keçirilmiş Avropa çempionatından bu komandamız dörd qızıl medalla qayıtmışdı. Ona görə də bu yarışdan əvvəl demişdim ki, burda qızıllarımızın sayını iki dəfə artırmağa çalışacağıq və səkkiz qızıl medal qazandıq.

Bunu HerGun.Az-a Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.

O, Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 18 idmançıdan 16-nın medal qazanmasını yüksək nəticə adlandırıb.

N.Əliyev bildirib ki, bu yarışa ötən ay İtaliyanın Faentsa şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatında iştirak etmiş idmançılar qatılıb: “Avropa çempionatında iştirak edən idmançıların, demək olar ki, hamısı burda idi. Ağır görüşlər oldu. Buna baxmayaraq, komandamız çox uğurla çıxış etdi. Nəticələr göz qabağındadır. 10 gündən sonra bu komandamızı dünya çempionatı gözləyir. Bir az yorğun olacaqlar. Əfsuslar olsun ki, təxminən bir ay ərzində üç belə yarış var. Bununla belə, hesab edirəm ki, ordan da uğurlu nəticə ilə qayıdacağıq”.

“Əlbəttə ki, səkkiz idmançımızın qızıl medal qazanması fəxr olunası məqamdır. 38 ölkədən 560-dan çox güləşçi bu yarışda mübarizə apardı. Təbii ki bu nəticəni gələcək illərdə başqa ölkələrin təkrarlaması çətin olacaq. Dünya çempionatında nə qədər yorğun olsalar da, bu 16-17 yaşlı idmançıların öz sözlərini orda da deyəcəyinə inanıram”, - deyə N.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri səkkiz qızıl, beş gümüş və üç bürünc medal qazanıb.

Səbuhi Musayev