Osmanlı xanımlarının zinət əşyası sevdası Fransanın “şərəf”ini necə ləkələdi?

10:36 24-07-2019 724

Osmanlı tarixi, mədəniyyəti hər zaman təhqiqat obyekti olduğu kimi, bu dövrdə xanımların istifadə etdikləri zinyət əşyaları da dünyanın maraq dairəsində olub.

Adətən Osmanlı sultanlarının bahalı zinyət əşyaları, onların qiymətləri ilə maraqlanan alimlər bu dəfə ortaya maraqlı fakt çıxarıb.

Tarixçi-alim Əkbər Nəcəfin HerGun.Az-a verdiyi məlumata görə, söhbət saxta sikkələrdən hazırlanan və Osmanlıda məşhur olmuş bəzək əşyasından gedir. 

Belə ki, 1650-ci ildə Fransa kralı XIV Lüdovikin (Louis XIV de France) adına sikkələr zərb edilməyə başlayıb. “Louis” adlı bu sikkə 1 gümüş ekü, yarım ekü, dörddə birlik və 12-də birlik ekülərdən ibarət idi.

Ancaq bir Osmanlı əsilzadə xanım bu “Louis”ləri bəzək əşyası olaraq istifadə etməyə başladıqda, bu pula maraq birə on qat artıb. Qısa zamanda “Louis” dəbi elə bir həddə çatıb ki, Aralıq dənizi ticarəti tam iyirmi il (1655-1575) baş döndürən qlobal bir saxtakarlıq yaşayıb.

Saxtakarlığa səbəb Osmanlının “Louis” tələbatını qarşılamaq üçün bütün Şimali Aralıq dənizi ölkələrinin saxta sikkə zərb etməsi olub. Avropada feodal əsilzadələrin sikkə zərb etmək hüququ olduğundan, onlar dayanmadan bu sikkələrdən zərb etməyə başlayıblar. Qrimaldilər, Spinolalar, D`Oroalar, Senturioni-Skottilər, Malaspinalar adlı feodal-əsilzadə ailələri saxta sikkə istesalına başlayanlardandırlar. Hətta fəaliyyətini dayandırmış zərbxanalar belə bu saxtakarlıqdan pay almaq üçün gecə-gündüz “Louis” zərb edirdilər. Combes, Aviqnon, Orange, Monako, Laburg, Loano, Tasserolo, Torriglia, Massa və onlarla zərbxana düşük əyarda, metal qarışığı yüksək, gümüşü az milyonlarla saxta sikkə zərb ediblər. Sadəcə Loana zərbxanasının 800 000 sikkə zərb etdiyini nəzərə alsaq, bütün Aralıq dənizi ölkələrinin saxta pul bataqlığının içində olduğunu deyə bilərik.

Saxtakarlığı ifşa edənlər isə Aralıq dənizi ticarətinə girmək istəyən və fransızlara nifrət edən ingilislər olublar. İngilislərin saxtakarlığı ifşa etməsi o dövrdə dünya ticarətinin mərkəzində dayanan Osmanlı ticarətində Fransanın ticari və siyasi varlığına böyük zərbə vurub. 

Sultan fərmanlar verib, beləcə Fransanın dünya ticarətində “şərəf”i ləkələnib. Fransa kralı məsuliyyətsizləri cəzalandırmağa çalışsa da, saxta “Louis”lərin zərbi 1690-cı ilə qədər davam edib. Nəhayət, “Louis” sikkələrinin zərbi qadağan edilib. 

Osmanlı iqtisadiyyatı isə bu saxtakarlıqdan sonra uzun müddət özünə gələ bilməyib. Çünki Osmanlı bazarını doldurmuş tonlarla saxta pulun əridilməsi və əldən çıxarılması mümkün olmayıb. 

Hətta sikkələrin saxta olduğu ortaya çıxanda Osmanlıda xalq üsyanları da başlayıb.