Avstraliyanın şəhəri Xankəndi ilə “dostlaşdı” - Rəsmi Bakıdan reaksiya

17:18 24-07-2019 536

Avstraliyanın Rayd şəhərinin Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “Dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul edib. 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva açıqlama verib. 

Onun sözlərinə görə, Rayd şəhəri Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi ərazidir: 

“Təsadüfi deyil ki, cəmi iki nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib.

Xatırlatmaq istərdim ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”.

Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə XİN rəsmisi vurğulayıb ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır.