“Şah” “armagedon”la çempion oldu

21:36 24-07-2019 91

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları başa çatıb.

HerGun.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanıb, ikinci görüşdə “qara”lara uduzan “Şah” rəqibini tay-breklərdə keçməyə çalışıb.

Amma dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə - “armagedon”a qalıb.

Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, ümumi hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”un çempionu olub.

Qeyd edək ki, 16 şahmatçının qatıldığı “Qran-Pri” turniri pley-off sistemi ilə keçirilirdi.

Ümumilikdə dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.

Dörd seriyadan sonra ən yaxşı iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamağa haqq qazanacaq. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul matçına çıxacaq.