Qurban Qurbanov zədələrdən şikayətləndi: Maksimum diqqətli olmalıyıq

02:09 25-07-2019 558

Bütün şəraiti nəzərə alsaq bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu.

“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Dundalk” ilə qarşılaşan Ağdam klubu 1:1 hesablı bərabərliyə razılaşıb.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında danışan təcrübəli çalışdırıcı qarşılaşmanı şərh edib: “Rəqib həddindən çox istəkli idi, bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı bir həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik”.