Fermerlər danışdı: Böyük marketlər məhsulu bizdən alsa... - VİDEO

12:18 25-07-2019 484

Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən bölgələrdə yaşayan insanların məşğulluğunda əhəmiyyətli rol oynayır.

“Qafqazinfo” əməkdaşları müxtəlif növ qida məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olan fermerlərin iş şəraiti ilə yaxından tanış olmaq üçün Azərbaycanın bir neçə bölgəsinə yollanıb.

İlk səfər Tovuz rayonuna olub. Müsahibləri Tovuz rayon sakini İmran Səfərov pomidor əkini ilə məşğuldur. Ölkədə əkin sahəsinə və istehsal həcminə görə daim aparıcı yer tutmuş bu məhsulun becərilməsində fermerə ailəsi də dəstək olur. Onun sözlərinə görə, pomidor iqlim dəyişikliklərinə daha dayanıqlı olduğuna görə ən asan yetişdirilən tərəvəzlərdən biridir.

İllərdir bu bitkinin becərilməsi ilə məşğul olan İmran Səfərov ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır. O bildirir ki, kənd təsərrüfatına dövlət dəstəyinin ildən-ilə artırılması, subsidiyaların verilməsi və lazımi texnika ilə təminat fermerlərə rahat əkin-biçin aparmağa imkan yaradır:

“Bu gün kənd təsərrüfatı sahəsinə böyük qayğı var, fermerlər üçün hər cür şərait yaradılır. Bu da mənim kimi yüzlərlə fermerə əkin sahələrini genişləndirməyə, daha yüksək məhsul istehsal etməyə, dolanışığımızı yaxşılaşdırmağa imkan verir”, - deyə İmran Səfərov qeyd edir.

Lakin İ.Səfərovu narahat edən bir məsələ var: paytaxt marketlərində pomidorun qiymətinin baha olması. Müsahib deyir ki, məhsullar birbaşa fermerlərin özündən tədarük edilsə, bu kimi xoşagəlməz hallar yaşanmaz. Belə ki, vasitəçilər nə qədər çox olarsa, bu, birbaşa məhsulun qiymətində artıma səbəb olur.

Fermerlə görüşdən hazırlanan videoya nəzər salmağınızı tövsiyə edirik: