Azərbaycanda balıqçılığın inkişafına dair BMT və Türkiyə nümayəndələri ilə görüş keçirilib

10:40 28-10-2020 310

Balıqçılıq və Balıq Məhsulları Sənayesi vebinar seriyası öz işinə başlayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, vebinarda təşkilatın nümayəndələri, Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və özəl sektorun nümayəndələri iştirak ediblər.

Mərkəzi Asiyada Dayanıqlı Balıqçılıq və Balıq Məhsullarının İdarə edilməsinin (FISHCap) inkişafı layihəsi çərçivəsində təşkil olunan vebinarda iştirakçıkar bu sahədə əməkdaşlıq imkanlarını və Azərbaycanda bu sənayenin səmərəli idarə olunmasını müzakirə ediblər.

Bütün iştirakçılar balıqçılıq sənayesində həm milli, həm də regiondaxili əməkdaşlıq və birgə fəaliyyətin sektorun inkişafı üçün ilkin şərt olduğu qənaətinə gəliblər.

Tədbir FAO-nun balıqçılıq üzrə baş mütəxəssisi Haydar Fersoyun aylıq vebinar seriyasının əsas məqsəd və vəzifələrini təqdim edən qısa bir məlumatlandırması ilə başlayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmak açılış nitqində balıqçılıq və balıq məhsulları yetişdirmə sənayesinin potensialına diqqəti yönəldib və ətraf mühitə təsirlərini nəzərə alaraq sənayenin düzgün idarə edilməsinin vacibliyini vurğulayıb.

Vebinar FAO-nun Mərkəzi Asiya üzrə sub-regional kordinatoru və FAO-nun Türkiyədəki nümayəndəsi Viorel Gutunun çıxışı ilə davam edib.

O, balıqçılıq və su məhsulları sənayesinin vəziyyəti ilə bağlı brifinq seriyalarının iştirakçılara əməkdaşlıqlar qurmaq, məlumat və təcrübə mübadiləsi etmək, sahələrarası iş birliyini və maraqlı tərəflərin iştirakını gücləndirmək üçün münbit şərait yaratmasından məmnun olduğunu bildirib.

Gutunun çıxışından sonra FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Proqramının Rəhbəri Raimund Jehle müzakirələrə qoşulub və sektorda beynəlxalq standartlara vurğu edərək, standartlara uyğun gəlmədiyi üçün balıqçılıq və balıq məhsulları yetişdirmə sahəsindəki təhlükəsizlik problemlərinin davam etdiyini söyləyib.

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi - Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktor Mustafa Altuğ Atalay, qısa məlumatda Türkiyənin balıqçılıq və balıq məhsulları sənayesindəki təcrübələrini bölgədəki həmkarları ilə bölüşməkdən məmnun olduğunu bildirib.
Tədbir Mehman Axundovun təqdimatı ilə davam edib.

FAO-nun Azərbaycan ilə əməkdaşlığının vacibliyini qeyd edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəliflik üzrə Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov ölkədə balıq təsərrüfatlarının fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycanda bu məhsulların yetişdirilmə perspektivlərini izah edib.

O, eyni zamanda, Azərbaycanın balıqçılıq və balıq məhsulları yetişdirmə sektorundakı çətinliklərini təsvir edib və bu çətinliklərin öhdəsindən gəlmək üçün təkliflərini irəli sürüb.