Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA

16:00 29-10-2020 488

“Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bu dönəmdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədi ilə gənclər də gərgin mübarizə aparır”.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, bu məqsədlə onlar müxtəlif ölkələrin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır:

“Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər. BMT-nin 4 qətnaməsi (822, 853, 874, 884) ilə Azərbaycan ərazisi kimi tanınan torpaqlarına Ermənistanın iddialı olması, eyni zamanda, hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə və digər şəhər və rayonlarda sivil əhaliyə qarşı törədilən terror aktları bu məktublarda öz əksini tapır”.

“Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiya Rəhbəri Everton Cekson, Bosniya Hersoqovina Parlament üzvü Semsudin Mehmedovic, İrlandiya Parlament qrupunun vitse-sədri Sian OCallaghan ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar verib, BMT qətnamələrini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd ediblər.

Öz növbəsində Azərbaycanın ədalətli mövqeyini qoruyan bu şəxslərə gənclərimiz tərəfindən təşəkkür bildirilib”, - deyə S.Məmmədova qeyd edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Kaliforniya ştatının Senatoru Dianna Feinstein, Corciya senatoru Kelli Leofler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə cavab olaraq dəstək məktubu göndərib, Azərbaycanın yanında olduqlarını bəyan ediblər.