Yerevan, Gümrü və Vanadzordakı etirazlar Paşinyan hakimiyyəti üçün təhdiddir - MÜSAHİBƏ

17:36 26-07-2019 601

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin (Moskva) aparıcı analitiki Mixail Neyjmakovun HerGun.Az-a müsahibəsi

- Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda yeni dilemma ilə qarşı-qarşıyadır. Söhbət İcevanda və Göyçə gölü ətrafında əhali ilə qarşıdurmadan gedir. Bunun Baş nazir üçün hansı mənfi nəticələri ola bilər?

- Ənənəvi olaraq məhz iri şəhərlərdə, ilk növbədə, əhalinin üçdə birinin yaşadığı Yerevanda etiraz aksiyalarının keçirilməsi Ermənistan hakimiyyəti üçün ciddi problemə çevrilir. 2015-ci illdə enerji tariflərinin artırılmasına qarşı etiraz aksiyasını xatırlayaq. Yerevan, Gümrü və Vanadzor aksiyaların mərkəzinə çevrilmişdi. Yaxud 2018-ci ildə “məxməri inqilabı”n başlanğıcında əsas hadisələrdən biri olan Gümrüdən Yerevana yürüşü qeyd etmək olar. Böyük şəhərlərin sakinlərinin İcevandakı etiraz aksiyasını kütləvi şəkildə dəstəkləməsi üçün hələ zəmin yoxdur. Aydındır ki, İcevan Paşinyanın kiçik vətənidir. Buna rəğmən, çətin ki, bu hadisələr onun respublika miqyasındakı dəstək bazasını dağıtsın.

Məsələn, ölkənin məhz üç ən böyük şəhərindən birində polis əməkdaşlarının sərt hərəkətləri ilə bağlı səs-küylü insidentlər Nikol Paşinyan üçün daha ciddi problemə çevrilə bilərdi. Xəsarət alanlar arasında xüsusilə uşaqların və ya yeniyetmələrin olacağı təqdirdə bu, mümkün ola bilərdi. Hadisələrin bu cür gedişatı etiraz aksiyalarının katalizatoruna, hökumət üçün nəzərəçarpan risklər daşıyan daha irimiqyaslı nümayişlərə çevrilmə ehtimalı varıydı.

Paşinyan bu yaxınlarda hakimlərin vettinqi (hakimlərin tutduqları vəzifəyə uyğunluğunun yoxlanılması) məsələsi üzrə Venesiya Komissiyasının Baş nazirin özünün fikri ilə üst-üstə düşməyən qətiyyətli mövqeyi ilə üzləşib. Bu, onun nüfuzuna daha bir zərbə oldu. Onun Ermənistan əhalisi arasında populyarlıq reytinqinin düşməsi, eləcə də müxtəlif klanlar tərəfindən ona təzyiq göstərilməsi ilə əlaqədar ölkədə hakimiyyəti dəyişmək üçün yeni inqilab ehtimalı varmı?

- İyulun əvvəlində geniş müzakirə edilən Beynəlxalq Respublika İnstitutunun himayəsi altında keçirilmiş sorğunun nəticələri təsdiq edib ki, hökumətyönlü “Mənim addımım” bloku öz hökmranlığını qoruyub: onun reytinqi 52% təşkil etdiyi halda, “Çiçəklənən Ermənistan” və Respublikaçılar Partiyasında bu göstəricilər müvafiq olaraq 12% və 5,1% olub. Hərçənd araşdırmanın özünün mayda aparıldığını da nəzərə almaq lazımdır.

Buna baxmayaraq, Paşinyana 2018-ci ildə hədəflərinə nail olmağa imkan verən vacib resurs öz tərəfdarlarını kütləvi küçə aksiyalarına operativ səfərbər etmək qabiliyyətidir. Lakin miqyasına görə ötən il keçirilmiş böyük aksiyalarla (2018-ci ilin avqustunda Yerevanda Respublika meydanında mitinq kimi) müqayisədə Baş nazirə dəstək mitinqləri çoxdan baş tutmayıb, hökumətin bir çox tənqidçiləri məhkəmələrin işinin təcrid edilməsi ilə bağlı keçirilmiş may aksiyalarını Paşinyan komandasının səfərbərlik imkanlarının azalma göstəricisi hesab ediblər. Ermənistan Baş nazirinin rəqibləri onun fəal tərəfdarlarının küçə aksiyalarına səfərbərlik imkanlarının xeyli azaldığına nə qədər çox əmin olsalar, onların Paşinyanın mövqeyinin möhkəmliyini yoxlamaq cəhdləri bir o qədər fəal olacaq.

Dünya təcrübəsi göstərir ki, etiraz dalğası fonunda hakimiyyətə gəlmiş müxalif siyasətçi üçün küçə aksiyalarına çıxmağa hazır olan tərəfdarlarının fəal özəyi ciddi dağılanda, siyasi cəhətdən sağ qalmaq üçün güc strukturlarına bel bağlama nəzərəçarpacaq dərəcədə böyük rol oynamağa başlayanda hakimiyyəti itirmə təhlükəsi xeyli artır. Bununla belə, Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalından danışmaq hələ tezdir.

- Paşinyan mövcud daxili siyasi və sosial şəraitdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində dolğun işləmək qabiliyyətinə malikdirmi?

- Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın bu yaxınlardakı bəyanatı (mahiyyət etibarilə qoşunların təmas xəttindəki insidentlər fonunda Yerevanın danışıqlar prosesində iştirakının mümkünsüzlüyü haqqında) daxili auditoriya üçün də nəzərdə tutulmuş ola bilər. Danışıqların fəallaşması Nikol Paşinyanı tənqid edənlərin “hökumət Qarabağ torpaqlarını verir” bəyanatları səsləndirməsi üçün səbəb olub. Ermənistanın Baş naziri ictimai narazılığın əlavə faktorları hələ peyda olmamış daxili siyasi cəbhələrini möhkəmləndirməyə çalışır (onun konstitusiya dəyişiklikləri haqqında bəyanatları da buradan irəli gəlir).

Avqustun sonu - sentyabrın əvvəlində bir qayda olaraq Qarabağ üzrə beynəlxalq vasitəçilərin səyləri fəallaşır. Bu dövrdə münaqişə tərəfləri də dialoqa böyük maraq göstərə bilərlər. Hətta olduqca səs-küylü taktiki jestlər də mümkündür (iyunun 28-də Azərbaycan və Ermənistanın məhbusları eyni zamanda azad etməsinə oxşar). Lakin ümumilikdə yaxın gələcəkdə Qarabağ üzrə danışıqlarda xüsusi irəliləyişi əlbəttə ki, gözləməyə dəyməz.

Rasim Babayev