Rusiyalı deputat: Onlar istəyir ki, RF və Azərbaycan üçün asan olmasın

12:27 27-07-2019 506

Əfsus ki, qərbli xarici oyunçuların köməyi ilə həllinə çalışılan heç bir münaqişə nizamlanmayıb. Söhbət, o cümlədən, Dağlıq Qarabağ münaqişəsindən gedir.

Bunu Media.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, çoxları, az qala, ATƏT-in Minsk qrupuna dua edir, lakin o, heç nəyi həll edə bilmir:

“Həmişə demişəm ki, bu problemi həll etmək niyyəti varsa, üç ölkənin lideri, üç qonşu – Rusiya, Azərbaycan və Ermənistan bir araya gəlməli və məsələni müzakirə etməlidirlər. Bu məsələ onlar üçün çox vacibdir”.

Deputat Rusiya və Azərbaycan liderlərinin yaxşı münasibətlərinin olduğunu xüsusilə qeyd edib.

L.Kalaşnikovun fikrincə, yalnız bu üçtərəfli formatda nəyisə həll etmək olar:

“Əgər siyasi iradə olarsa, kompromislər tapmaq və bu düyünü (Qarabağ – red.) açmaq mümkündür. İndi isə özlərinin bir çox geosiyasi vəzifələri olan digər dövlətlər məsələyə qarışır. Həmin vəzifələr Qafqazda gərginliyin saxlanılmasını da nəzərdə tutur. Məqsəd odur ki, Rusiya üçün burada asan olmasın və Azərbaycana yaxşı görünməsin. Lakin inanmıram ki, onlar bizə qarşı belə “sevgi” ilə Dağlıq Qarabağ münaqişəsinin əlverişli həllinə təsir göstərə bilsinlər”.

O hesab edir ki, indiki vəziyyətdə təmkinli olmaq lazımdır:

“Və mən yenidən öz fikrimi təkrarlayıram – üç lider məsələni müzakirə yolu ilə həll edə bilər”.