Komitə sədrindən həmkarlarına qınaq

14:50 14-11-2018 14

Mən bəzi deputatlardan fərqli olaraq, dövlət büdcəsindən heç bir sahəyə əlavə vəsaitin artırılması haqqında danışmayacağam, ayrılan vəsaitin daha səmərəli istifadəsi barədə danışacağam. 

HerGun.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bu gün keçirilən iclasında deyib. 

Komitə sədri bildirib ki, bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat subvensiya ayrılıb: 

“Dotasiya elə bir şeydir ki, ayrılır, nə istəyirsən, et. Heç onun hesabatı da yoxdur. Amma subvensiya konkret layihələrlə əlaqədardır. Bu baxımdan, subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın”. 

O hesab edir ki, dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəldilsin:

“Əslində, hazırda bir çox bələdiyyələrin DSMF-yə olan borclarına görə onların hesabları bağlıdır. Dotasiyanın hesabına bu məsələ həll olunsa, hesab edirəm ki, həm DSMF-nin büdcəsi artar, həm də bələdiyyələrin fəaliyyətində dönüş yaranar”.

Kamil HƏMZƏOĞLU