Maliyyə naziri: Biz böyük inflyasiya təzyiqlərini görmürük

01:18 20-06-2019 715

Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də yayımlanan “Günün Nəbzi” verilişində inflyasiya risklərinin artacağı ilə bağlı yayılan məlumatları şərh edib:

“Şübhəsiz ki, dövlət başçısı tərəfindən belə qərarlar qəbul edilərkən, bu cür məsələlərə də diqqət yetirilir. Sosial tədbirlərin həyata keçirilməsi mərhələlərə bölünüb. Birinci mərhələdə - mart ayında qərarlar qəbul edilib, artıq icra olunmaqdadır. Biz inflyasiya baxımından hər hansı bir əhəmiyyətli təzyiq müşahidə etmirik. Amma bu izlənilir. 

İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir. Bildiyimiz kimi, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya 2,5%-dən aşağıdır. Hesab edirəm ki, müsbət amildir və biz də onun artıq bəzi əlamətlərini görürük. 

 Qeyd etmək istərdim ki, iki həftə bundan əvvəl Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına tələbat bəyan ediləndən 5 dəfə artıq olub. Nəticədə iki illik istiqrazlar 7%-də qərarlaşıb. Nəhayət dünən yerləşdirilən istiqrazlar 6,2%-ə endirilib. Bu, kifayət qədər müsbət haldır”.

Nazir bildirb ki, İcbari Tibbi Sığorta sisteminin tətbiqindən sonra tibb işçilərinin də əmək haqlarının artırılması gözlənir.