Böyük tender talanı – Zahid İsayevə çətin suallar...

14:50 29-07-2019 94

“Beş-on manat sərmayəsi” olan “1-2 aylıq” şirkətlər dövlət sifarişlərini necə və hansı yolla qazana bilirlər?...

PİA.az-ın Səhiyyə Nazirliyi Ucar Rayon Mərkəzi Xəstəxanasının sifarişi ilə keçirilən anormal tenderləri açıqlamasından sonra ölkə mətbuatı əcayib-qəraib tenderləri araşdırmağa başladı və bu mövzu hələ də ölkə gündəmini məşğul etməkdədir. Buna baxmayaraq, nə anormal tenderlərin sifarişçisi olan dövlət qurumları, nə də tenderlərin keçirilməsinə nəzarəti həyata keçirən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ortaya məntiqli bir açıqlama qoya bilmədilər. Hətta ağızlarına su alıb durdular və sanki ortaya qoyulan əcaib xərcləmələrin onlara heç bir aidiyyatı yoxdur.

Halbuki ortaya qoyulan faktların hər biri birbaşa cinayət məsuliyyəti daşıyan məlumatlar idi və böyük korrupsiyadan xəbər verirdi. Onu da qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytında yayımlanan tenderləri analiz etsək, belə qənaətə gələ bilərik ki, həmmin tenderlərin 80%-indən çoxu korrupsiya mənşəlidir.Bu tenderləri istər sifariş, istər onları təsdiq edənlər, istərsə də nəzarəti həyata keçirən qurumlar eyni məsuliyyəti daşıyırlar.

Biz budəfəki araşdırmamızı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tederlərə nəzarət zamanı yol verdiyi birbaşa qanun pozuntularına həsr etmişik. Qeyd edək ki, bu qurum tender layihələrinin müsabiqəsi zamanı qanunları kütləvi şəkildə pozur və belə görünür ki, qurumun rəhbəri cənab Zahid İsayev “karlı” çıxır. Yoxsa cənab İsayev qanunları bu qədər açıq və “şəffaf” şəkildə niyə ayaqları altına alıb tapdalasın ki?..

Öncə qeyd edək ki, Zahid İsayevin rəhbərlik etdiyi qurum Azərbaycan iqtisadiyyatının bütün sahələrində çox böyük səlahiyyətlərə və ixtiyara sahibdir. Azəbaycanda monopoliyanın səviyyəsini nəzərə alarsaq, demək olar ki, bu qurum əslində fəaliyyət göstərmir, ya da belə deyək, əks istiqamətə işləyir. Çünki sözügedən qurum ölkə iqtisadiyyatında monopoliyaya qarşı mübarizə aparmaq üçün yaradılsa da, əslində monopoliyaları müəyyənləşdirmək və bölüşdürməklə məşğul olur.

Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytında yayımlanan tenderlərlə ilkin tanışlıq iqtisadi sahədə heç bir savadı olmayan adamlarda da çaşqınlıq yaradır. Ona görə ki, qanunların bu qədər açıq şəkildə pozulması və bunun dövlət qurumları tərəfindən rəsmən ortaya qoyulması, etiraf etməliyik ki, sıradan bir şey deyil.

Kaş ki, https://etender.gov.az veb saytı olmasaydı, ya da fəaliyyətini durdursaydılar. Çünki o saytda olan hər bir tender Azərbaycan dövlətinə və qanunlarımıza gülmək anlamına gəlir. Bütün bu biabırçılığın ortaya çıxmasına isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti səbəb olur. Çünki bu qurum öz üzərinə düşəni etsəydi, tenderlərdəki biabırçılıqlar da uzaqdan belə açıq-saçıq görünməzdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin biabırçı fəaliyyəti, o cümlədən monopoliyaları müəyyənləşdirib bölüşdürməsi ilə bağlı çox böyük bir araşdırma aparmaq olar və biz bunu edəcəyik. Hələlik isə mövzumuza qayıdırıq və keçirik Zahid İsayevin göz yumduğu “böyük tender talanına”.

Uzağa getməyəcəyik. 2019-cu ildən bəhs edəcəyik. Azərbaycan Tibb Universitetinin yumşaq inventar almaq üçün keçirdiyi tenderi 26.05.2019-cu ildə “Biznes Holding-2019” MMCqazanıb. Tenderin ümumi həcmi 43189.5 AZN (qırx üç min yüz səksən doqquz manat əlli qəpik) təşkil edib. Deyəcəksiniz ki, burda nə var? Normal rəqəm, normal tenderdir.

Bütün məsələ ondadaır ki, “Biznes Holding-2019” MMC Binəqədi sakini Mahmudov Fərid Füzuli oğlu tərəfindən 22.04.2019-cu ildə təsis edilib. Yəni tenderin qalibinin elan olunmasından bir ay əvvəl. Hər halda Vergilər Nazirliyi belə deyir.

Tenderin nə zaman elan olunduğunu öyrənmək istəsək də qarmaqarışıq https://etender.gov.az veb saytında bunu tapa bilmədik. Əldə etdiyimiz məlumata görə, heç Satınalmalar üzrə Dövlət Agentliyinin saytını işlədən mütəxəssislər də lazım olanda özlərinə gərəkli məlumatları tapa bilmirlər.

İndi sual olunur: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tender elan olunan günlərdə təsis edilən bir şirkətin, konkret olaraq “Biznes Holding-2019” MMC-nin qalib elan olunmasına necə göz yumub? Ümumiyyətlə, bu, necə baş verə bilər? Biz bu “möcüzəni” “görməyən” Zahid İsayevə və onun işçilərinə sual edirik: Bu boyda biabırçılığı necə olur ki, görmürsünüz? Heç bir maliyyə əməliyyatı olmayan və ilkin sərmayəsi 10 AZN olan bir MMC hansı yolla və üsulla dövlət sifarişinin qalibi olur? Bunun izahını verə bilərsinizmi?

Başqa bir misal, Bakı şəhər Səhiyyə İdarəsinin sifarişi ilə keçirilən tenderin qalibi “Poliqraf-2019” MMC olub. Tender 30.04.2019-cu ildə keçirilib və 199500 (yüz doxsan doqquz min beş yüz) manatla “Poliqraf-2019” MMC qalib elan olunub.

“Poliqraf-2019” MMC-ni Bakı şəhəri Xətai rayon sakini Əliyev Mübariz Rəcəb oğlu 10 AZN sərmayə ilə 19.02.2019-cu ildə yaradıb. Yəni tenderi “udmazdan” təqribən iki ay əvvəl. Bu “Poliqraf-2019” MMC tender müsabiqəsinə necə daxil ola bilib və necə qalib elan olunub?

Bir az daha irəli gedək. Mədəniyyət Nazirliyinin Şəki rayon Regional İdarəsi inventar almaq üçün tender elan edib. Tender 20.05.2019-cu il tarixdə keçirilib və tenderi 164358 (yüz altımış dörd min üç yüz əlli səkkiz) manatlıq təkliflə “Salmanoğlu Mebel 2019” MMC udub.

Bəs “10 manatlıq” “Salmanoğlu Mebel 2019” MMC nə vaxt yaranıb? 21.02.2019-cu il tarixdə. Təsisçi isə Bakının Nizami ratonunda qeydiyyatda olan Mikayılov Ülfət Salmanoğludur.

Aşağıda daha bir neçə “beş-on manat sərmayə” ilə dövlət sifarişi qazanan şirkətlərin sənədlərini yayımlayırıq.

Açığı deyək ki, belə sənədlərdən yüzlərlə təqdim edə bilərik. Belə biabırçılıq, yəni yaranışından 1-2 ay sonra həmin “beş-on manat sərmayəsi” olan şirkətlərin dövlət sifarişlərini qazanması təkcə 2019-cu ili əhatə eləmir. Bütün illər üçün bu hal kütləvi xarakterlidir.

Bizim üçün maraqlı olan məsələlərdən biri də odur ki, bu “beş-on manatlıq şirkətləri” yaradanlar niyə MMC-lərin adlarının sonuna “2019” artıraraq diqqəti cəlb edirlər? Yəni adamlar nə etdiklərindən bu qədərmi bixəbərdirlər? Onları bir yana qoyaq, tenderlərin sifarişçiləri olan qurumlar və Zahid İsayevin işçiləri niyə bu anormallığı görə bilmirlər? Onlardamı qanunlardan bixəbərdirlər, yoxsa veclərinə deyil?..

Biz hesab etmirik ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və şəxsən quruma rəhbərlik edən Zahid İsayev bu anormallığa cavab verəcəklər. Təbii ki, onlar susacaqlar və bizim verdiyimiz bütün suallar havadan asılı qalacaq...

Bütün hallarda əlaqədar qurumların məntiqli açıqlamalarını dərc etməyə hazırıq...

Mənbə pia.az