Zakir Fərəcovun “qaranlıq adamı”: MTN-nin oğurladığı, medal alan Gündüz Əliyev kimeyin dərc dir?

18:32 29-07-2019 1207

Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb.

Lakin bu zahiri abadlığın arxasında qaranlıq proseslər gedir. Bu prosesin əsas hissəsi şəhər rəhbərliyində aparılan kadr islahatıdır ki, yerli mediada səslənən iddialara görə, Prezidentin ehtiyat fondundan şəhərin abadlaşdırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyi hələ ki araşdırılmasa da, lakin bəzi məmurlar abadlaşdırma işlərini bəhanə gətirərək buradakı iş adamlarından da pul yığıblar.

Onların məhz Zakir Fərəcovun sərəncamı ilə vəzifə aldıqları və bundan sonra böyük kapitala sahib olduqları da vurğulanır. Baş verənlərlə bağlı AzToday.az-a daxil olan məlumata görə, Sumqayıt vadisində ciddi kapital və söz sahiblərindən biri də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Aydın oğlu Əliyevdir.

Bildirək ki, gənc G.Əliyev icra başçısının elə sevimli kadrına çevrilib ki, cəmi bir neçə ildir dövlət qulluğunda çalışmasına baxmayaraq onun haqqında dövlət başçısına təqdimat verilib və təxminən bir ay öncə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Gündüz Əliyevin belə qısa zamanda hansı fərqlənmələrə imza atdığını dəqiq deyə bilmərik. Amma bu şəxslə bağlı AzToday.az olaraq google axtarış sistemi üzərindən apardığımız araşdırmalarda maraqlı məlumatlara rast gəldik.

Məsələn, yerli mediada bildirilir ki, “başçının etibarlı adamı sayılan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Fərəcovu guya aldadaraq Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə imza atdırıb. Sonradan məlum olub ki, Gündüz Əliyev başqasının adına parkda özünə obyekt tikdirib”.

Bundan başqa G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var ki, bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik city” mərkəzi ən öndə gedənidir. Bu məkanın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib.

Onu da bildirək ki, G.Əliyev Zakir Fərəcov komandasında yer almamışdan öncə də Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan G. Əliyevin sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib.

Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib.

Sumqayıtdakı mənbələrdən AzToday.az-a daxil olan məlumata görə Gündüz Əliyevin hazırki maddi imkanları onun siyasi iddialarını da artırır. Belə ki, ölkə rəhbərliyi tərəfindən medalla təltif olunan gənc məmur artıq daha ciddi postlara sahiblənmək fikrindədir. Bunun üçünsə onun şəhərin müxtəlif vəzifə sahiblərinə qarşı gizli qara piar kampaniyası apardığı və özünü icra başçısının yanında “aydan arı, sudan duru” göstərməyə çalışdığı bildirilir.

P.S. Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Mənbə AzToday.az