Rövnəq Abdullayevin yerinə kim gətirilə bilər?

10:12 09-07-2009 1183

SOCAR-ın yeni rəhbərinin xaricdə təhsil almış mütəxəssislərdən birinin olacağı deyilir 

 

Son günlərin dəyişikliklərindən sonra hökumətin tərkibində yeni təyinatların olacağı artıq günün əsas müzakirə mövzusuna çevrilib.

Yerli mətbuatın bununla bağlı çeşidli versiyaları mövcuddur ki, onların hansının real və ya qeyri-real olduğunu müəyyən etmək üçün zamana ehtiyac var. Çünki indiki vəziyyətdə əsas güc strukturlarında baş verənlər digər qurumlarda da analoji halların baş verə biləcəyi ehtimallarını artırır.

JAMAZ.İNFO xəbər verir ki, gündəmdə olan əsas məsələlərdən biri SOCAR rəhbəri Rövnəq Abdullayevlə bağlıdır. Onun və yaxınlarının ətrafında baş verən son hadisələr artıq şirkət rəhbərinin ciddi başağrılarına səbəb olduğu şübhəsizdir.

Dövlət Neft Şirkətinin 10 milyarda yaxın borca düşməsi, şirkətin aktivlərindən və pullarından səmərəsiz istifadə olunması, habelə Abdullayevin oğlunun müxtəlif qalmaqallı olaylarda adının hallanması bunun əyani göstəriciləridir.

Son saat olayı isə yaranmış vəziyyətə daha dramatik don geyindirib. Rövnəq Abdullayevin bununla bağlı gündəmi dəyişmək cəhdlərinin alınmaması onunla bağlı yuxarı dairələrin düşünməsinə zəmin yaradıb.

Qeyd edək ki, ən çox tənqidə məruz qalan, eyni zamanda adı qalmaqallarda hallanan Abdullayevlərin vəziyyətdən çıxa biləcəkləri inandırıcı görünmür. Hətta idarəçilikdə mövcud olan problemlər, neftə aid pulların müxtəlif layilərədə batırılması və digər məsələlər hökuməti düşündürməyə vadar edib. Son olay isə Abdullayevin vəzifədən çıxarılması üçün ciddi əsaslar yaradıb.

JAMAZ.İNFO xəbər verir ki, yaxın vaxtlarda SOCAR-ın rəhbərinin işdən çıxarılacağı istisna edilmir. Bununla bağlı dolaşan xəbərlərdə deyilir ki, bu barədə artıq Abdullayevin özü də xəbərdar olunub.

Lakin onu kimin əvəzləyəcəyi məlum deyil. Birinci versiya budur ki, Rövnəq Abdullayevin yerinə elə SOCAR-ın Mərkəzi Aparatında çalışanlardan biri gətiriləcək. İkinci versiya isə ondan ibarətdir ki, bu şəxs SOCAR-da çalışmayan, yəni kənardan gətirilən biri olacaq. Həmin şəxsin xaricdə təhsil almış, yaxşı mütəxəssislərdən biri sayıldığı deyilir.