Bu məhsullar üçün aksiz vergisi niyə 80 dəfə endirildi? - Hökumətin qərarına dair şərh

10:45 31-07-2019 635

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklik neft sektorundakı xammaldan əldə olunan məhsullara təsir edəcək”. 

Bunu HerGun.Az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisinin 1 manata endirilməsini şərh edərkən deyib. 

İqtisadçı bildirib ki, bu, geniş istehlak mallarına hər hansı formada təsir edəcək bir qərar deyil:

“Dəyişiklik neft tərkibli məhsullara aid olacaq. Yüngül distilyatlar və onun məhsulları buraya daxildir. Onlar da tam emal olunmamış neft məhsullarıdır. Tərkibinə isə bitum (məncə bitum demək istəyir), aviasiya yanacağı və s. bu kimi yarımfabrikat hissələr daxildir.

Tam emal olunmamış hissəyə aid idxal rüsumu artıq 1 manata endirilib.

Hesab edirəm ki, bu il daha çox yerli tələbatın müəyyən qədər artması ilə yerli istehsalda axsamaların olması və təmir bərpa işlərindən qaynaqlanan səbəblərdən daxili tələbatın yerli imkanlar hesabına ödənilməsinin mümkünsüzlüyü proqnozlaşdırılır. Böyük ehtimalla bu, müəyyən emal sənayesi müəssisələrinin təmirə dayanması ilə əlaqədar olacaq. Yerli müəssisələrin qiymət baxımından çətinliklə üzləşməsi istənilmir. Çünki daxili tələbatı yerli resurslar hesabına ödəyərkən burada qiymətin tənzimlənməsi mümkündür. 

Yox, əgər yerli istehsalçılar artıq məhsul təklif etmirsə, onda bu məhsul növündən xammal kimi istifadə edən digər önəmli müəssisələr idxal zamanı bu rüsumları ödədikdə, mövcud şərtlər daxilində qiymətləri artırmalıdırlar. Çünki bazarda indiki şərait buna imkan vermir. Dəyişiklik bundan qaynaqlanır. 

Qərara görə, sənaye müəssisələrinin istehsalda istifadə üçün gətirdiyi xammalların qiymətində dəyişikliklər olacaq. Aksiz dərəcələrinin düşməsi, o məhsulların maya dəyərinə müəyyən dərəcədə təsir göstərəcək. Amma bu məhsullar əslində daxili istehlakda çox az istifadə olunur”. 
Rəşad Həsənov qeyd edib ki, bu qərarı hökumətin istehsalçılara dəstəyi və köməyi kimi dəyərləndirmək olar: 

“İstehsalçıların daha çox rəqabətə davam gətirə bilən məhsullar istehsal etmələri istənilir”. 

Qeyd edək ki, dəyişiklikdən əvvəl Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınırdı. Amma dəyişikliyə görə, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Sevinc Yasinqızı